BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində baş nazir Viktor Orbana dəstək məqsədilə Budapeştə rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, aprelin 12-də Macarıstanda keçiriləcək gərgin parlament seçkiləri öncəsi baş tutan bu səfər, Ağ Ev rəhbərliyinin Viktor Orbana olan aşkar dəstəyinin göstəricisi kimi qiymətləndirilir. Vaşinqtondan yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verən Vens, səfər çərçivəsində iki ölkə arasındakı ortaq maraq kəsb edən məsələlərin, xüsusilə Avropanın təhlükəsizliyi və Ukraynadakı vəziyyətin müzakirə olunacağını bildirib. Vitse-prezidentin ofisindən verilən məlumata görə, Vens Orbanla görüşməklə yanaşı, "Macarıstan və ABŞ arasında sıx tərəfdaşlıq" mövzusunda geniş nitqlə çıxış etməyi də planlaşdırır.
41 yaşlı vitse-prezident Ceyms Devid Vens Avropadakı mərkəzçi və liberal hökumətlərin kəskin tənqidçisi, sağçı siyasi qüvvələrin isə ən böyük tərəfdarlarından biri kimi tanınır. Analitiklərin fikrincə, bu səfər səsvermənin final mərhələsində Orbanın mövqelərini gücləndirmək üçün verilmiş birbaşa siyasi mesajdır. Artıq 16 ildir hakimiyyətdə olan və Rusiya ilə yaxın münasibətləri ilə seçilən Orban, bu seçkilərdə qalib gələcəyi təqdirdə ardıcıl beşinci dəfə baş nazir kürsüsünə əyləşəcək. Bununla belə, müstəqil sorğular Peter Magyarın rəhbərlik etdiyi müxalif "Tisa" partiyasının hakim "Fides" partiyasını qabaqladığını göstərir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da ötən ay Ağ Evdən göndərdiyi video müraciətdə Orbanı "sərhədləri, mədəniyyəti və suverenliyi qoruyan güclü lider" kimi xarakterizə edərək ona dəstəyini ifadə etmişdi. Orbanın miqrasiya əleyhinə sərt çıxışları və Moskva ilə sıx əlaqələri həm Tramp tərəfdarları ilə ortaq nöqtə təşkil edir, həm də Avropa İttifaqı rəhbərliyi ilə gərginliyin artmasına səbəb olur. Vensin Macarıstana iki günlük səfəri, fevral ayında dövlət katibi Marko Rubionun bu ölkəyə etdiyi səfərin davamı hesab olunur.







