BAKI, TurkicWorld, Orxan Qədirzadə
Livanın cənubunda yerləşən Cəzzin yolunda jurnalistlərin olduğu və üzərində "Mətbuat" (Press) nişanı olan avtomobilə İsrail ordusu tərəfindən hava zərbəsi endirilib.
TurkicWorld xəbər verir ki, hücum nəticəsində "Al Mayadeen" telekanalının əməkdaşları Fatimə Ftuni və qardaşı Məhəmməd Ftuni, habelə "Al-Manar" telekanalının tanınmış müxbiri Əli Şuaib həyatını itirib.
Məlumata görə, avtomobilə dörd dəqiq raket zərbəsi endirilib. Hadisə yerinə gələn təcili yardım briqadalarının da hədəf alındığı, nəticədə bir nəfərin öldüyü, digər jurnalistlərin isə yaralandığı bildirilir. İsrail hərbçiləri zərbəni təsdiqləsələr də, Əli Şuaibin "Hizbullah"ın kəşfiyyat bölməsi ilə əlaqəli olduğunu iddia ediblər. Lakin hər iki telekanal bu iddiaları qəti şəkildə rədd edib.
Livan Prezidenti Cozef Aun hadisəni beynəlxalq hüququn və Cenevrə konvensiyalarının kobud şəkildə pozulması adlandıraraq, İsrailin peşə vəzifəsini yerinə yetirən mülki şəxsləri hədəf aldığını bəyan edib. Baş nazir Nəvaf Salam isə hücumu beynəlxalq humanitar hüququn tapdalanması kimi qiymətləndirib.
Xatırladaq ki, martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində 1142 nəfər həlak olub, 3300-dən çox insan yaralanıb. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 2025-ci ildən bəri İsrail dünyada ən çox jurnalist ölümü ilə nəticələnən hərbi əməliyyatların məsuliyyətini daşıyır.







