BAKI,TurkicWorld, Orxan Qədirzadə
Livan prezidenti İsraili jurnalistləri məqsədli şəkildə hədəf almaqda ittiham edib.
TurkicWorld xəbər verir ki, Livan prezidenti Jozef Aun İsrailin ölkədə media nümayəndələrinə qarşı birbaşa hücumlar həyata keçirdiyini bildirib.
Onun sözlərinə görə, bu addımlar İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatların nəticələrini gizlətmək məqsədi daşıyır.
Prezident Aun İsrailin cənub bölgəsində yerləşən At-Tayri qəsəbəsinə endirdiyi zərbə nəticəsində jurnalist Amal Xəlilin həyatını itirməsindən dərin kədər hissi keçirdiyini ifadə edib.
O vurğulayıb ki, jurnalistlərin hədəf alınması beynəlxalq hüquqa görə insanlığa qarşı cinayət hesab olunur və bu cür hallara görə məsuliyyət nəzərdə tutulur.
Livan prezidenti beynəlxalq ictimaiyyəti bu hadisələrə reaksiya verməyə və jurnalistlərə qarşı hücumların qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.







