Son dəqiqə

BMT İran Birləşmiş Ərəb Əmirlikləri Küveyt Qətər Səudiyyə Ərəbistanı Bəhreyn İordaniya

Ərəb ölkələrindən İrana birgə xəbərdarlıq - Özünümüdafiə hüququmuzdan istifadə edəcəyik

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər və İordaniya Haşimi Krallığı İranın və onun dəstəklədiyi silahlı qruplaşmaların region ölkələrinin suverenliyinə qarşı davam edən təcavüzünü ən kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar. 25 mart 2026-cı il tarixli bəyanatda İranın həyata keçirdiyi hücumların beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması olduğu vurğulanıb.

TurkicWorld xəbər verir ki, sənəddə xüsusilə İraq ərazisindən İranpərəst qruplaşmalar tərəfindən regionun infrastrukturuna edilən hücumlar qınanılıb.

Birgə bəyanatda qeyd olunub ki, Tehranın hərəkətləri BMT Təhlükəsizlik Şurasının 2817 (2026) saylı qətnaməsinə tamamilə ziddir. Bu qətnamə İrandan qonşu dövlətlərə qarşı hər hansı təcavüzü və proksilərdən istifadəni dərhal, qeyd-şərtsiz dayandırmağı tələb edir:

6 ərəb ölkəsi Bağdadı öz ərazisindən həyata keçirilən hücumları dayandırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Dövlətlər təcavüzə qarşı fərdi və ya kollektiv şəkildə özünümüdafiə hüququna malik olduqlarını və təhlükəsizliklərini qorumaq üçün bütün lazımi tədbirləri görəcəklərini bəyan ediblər.

Bəyanatda yalnız birbaşa hərbi hücumlar deyil, həm də region daxilində sabitliyi pozmağa çalışan gizli fəaliyyətlər hədəf alınıb.

İranpərəst "yatan hüceyrələrin" və "Hizbullah"la əlaqəli təşkilatların təxribat planları pislənilib.

Ərəb dövlətlərinin silahlı qüvvələrinin və kəşfiyyat orqanlarının bu planların üstünü açmaqda və ölkələri qorumaqdakı fədakarlığı yüksək qiymətləndirilib.

Analitiklərin fikrincə, bu birgə bəyanat regionun aparıcı ərəb ölkələrinin İranın hərbi ekspansiyasına qarşı vahid cəbhədə birləşdiyini göstərir. Sənəddə vurğulanan "özünümüdafiə hüququ" gələcəkdə İranın proksilərinin bazalarına qarşı kollektiv hərbi cavab tədbirlərinin görülməsi ehtimalını da gündəmə gətirir.

Mövzuya görə xəbərlər