Son dəqiqə

İraq

İraqda hərbi obyektə endirilmiş zərbədə çox sayda hərbçi həlak olub

Bakı. TurkicWorld:

İraqın Ənbər vilayətində yerləşən hərbi obyektlərə endirilən zərbələr nəticəsində İraq Silahlı Qüvvələrinin yeddi hərbi qulluqçusu həyatını itirib, daha 13 nəfər isə yaralanıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, hava hücumuna İraq Müdafiə Nazirliyinin tabeliyində olan Əl-Habbaniyə hərbi hospitalı, eləcə də Əl-Habbaniyə istehsalat idarəsinin binası məruz qalıb.

İraqın Müdafiə Nazirliyi hava zərbələrini pisləyərək, bunun tibbi müəssisələrin və personala hücumları qadağan edib beynəlxalq hüquq və normaların kobud və ciddi pozuntusu olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Mövzuya görə xəbərlər