Türkiyə İsrail İran ABŞ İraq neft kəməri Kərkük Hörmüz boğazı

Hörmüz böhranı Türkiyənin strateji üstünlüyünü necə artırdı?

BAKI,TurkicWorld,VOA Analitik Təhlil Mərkəzi

Türkiyə ilə İraq arasında 1973-cü ildən qüvvədə olan xam neft boru xətti müqaviləsinin müddəti 27 iyul 2026-cı ildə başa çatır. Hörmüz boğazının bağlanması fonunda gündəlik milyonlarla barel neft ixracında çətinlik yaşayan İraq yeni razılaşma üçün Ankara ilə danışıqları sürətləndirib.

Ərəb mediasının yaydığı məlumatlara görə, ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Hörmüz boğazında yaranmış böhran İraq neftinin qlobal bazarlara çıxışını ciddi şəkildə məhdudlaşdırıb. Nəticədə Türkiyə İraq neftinin dünya bazarına daşınması üçün əsas və ən təhlükəsiz marşruta çevrilib.

Məlumata əsasən, Ankara və Bağdad rəhbərliyi gündəlik təxminən 4 milyon barel neftin ixracı ilə bağlı yeni enerji razılaşması üzərində danışıqları intensivləşdirib.

Yarım əsrlik müqavilənin müddəti başa çatır

Türkiyə–İraq Xam Neft Boru Xətti Müqaviləsi, eləcə də əlaqəli protokol və əlavə sazişlərin müddəti 27 iyul 2026-cı ildən etibarən başa çatacaq.

İki ölkə arasında müqavilə ilk dəfə 27 avqust 1973-cü ildə imzalanıb. Razılaşma çərçivəsində boru xəttinin birinci mərhələsi 1976-cı ildə istismara verilib. Müqavilə daha sonra 2010-cu ildə yenilənərək 15 il müddətinə uzadılmışdı.

Ərəb mediası bildirir ki, müqavilə çərçivəsində illər boyu İraq nefti Avropa bazarlarına nəql olunub.

Ekspertlərə görə, mövcud müqavilənin müddəti başa çatdıqdan sonra Türkiyənin İraq neftinin öz ərazisindən tranzitinə hüquqi baxımdan məcburi öhdəliyi qalmayacaq.

“Türkiyə 27 iyul tarixindən sonra İraq xam neftinin öz ərazisindən keçməsinə hüquqi olaraq məcbur deyil. Bu səbəbdən tərəflər yeni razılaşmanı yekunlaşdırmalıdır”, – bildirilib.

Diqqətlər yenidən Ceyhana yönəldi

Hörmüz boğazında daşımaların dayanmasından sonra diqqətlər yenidən Ceyhan terminalı və Kərkük–Ceyhan boru xəttinə yönəlib.

İraq Hörmüz marşrutundakı itkiləri kompensasiya etmək məqsədilə mart ayında Kərkük–Ceyhan xətti vasitəsilə gündəlik təxminən 200 min barel xam neft ixracını bərpa edib.

Lakin bu göstəricinin ölkənin gündəlik 4 milyon bareldən çox olan ümumi ixrac potensialının yalnız kiçik hissəsini təşkil etdiyi vurğulanır.

Dövlət Neft Marketinq Təşkilatı məlumatlarına əsasən, 2026-cı ilin ilk dörd ayında İraqın neft ixracı təxminən 236 milyon barel təşkil edib. Bu isə gündəlik orta hesabla 1,9 milyon barel ixrac və təxminən 16 milyard ABŞ dolları gəlir deməkdir.

Yeni boru xətti layihəsi gündəmdədir

Analitiklər hesab edirlər ki, İraq mövcud geosiyasi vəziyyətdə neft ixracı üçün Türkiyə marşrutundan daha fəal istifadə etməyə məcburdur. Bununla yanaşı, Bağdadın alternativ enerji marşrutları üzrə yeni layihələri sürətləndirməsinin vacibliyi qeyd olunur.

Bu çərçivədə ötən ilin aprel ayında İraq hökuməti Bəsrədən ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətinin Həditha bölgəsinə qədər uzanacaq yeni boru xətti layihəsi üçün təxminən 1,5 milyard ABŞ dolları həcmində maliyyə vəsaitini təsdiqləyib.

Layihəyə əsasən, yeni xəttin gələcəkdə Türkiyə, Suriya və İordaniya istiqamətində uzadılması planlaşdırılır.

Ekspertlər bildirirlər ki, Hörmüz boğazında davam edən böhran Türkiyənin regional enerji mərkəzi kimi strateji əhəmiyyətini daha da artırır və Ankara yaxın dövrdə Yaxın Şərq enerji xəritəsində daha mühüm rol oynaya bilər.

Mövzuya görə xəbərlər