Son dəqiqə

Böyük Britaniya İran London

İranın sui-qəsd planları ilə bağlı təhdidlərlə üz-üzəyik - Britaniya polisi

BAKI,TurkicWorld

Britaniya paytaxtı Londonun Polis komissarı (Metropoliten Polisi) rəsmi bəyanatla çıxış edərək, ölkənin İran tərəfindən idarə olunan uzunmüddətli və davamlı təhdidlərlə qarşı-qarşıya olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Londonda təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığını qeyd edilib.

Polis rəhbərinin sözlərinə görə, Britaniya kəşfiyyatı və hüquq-mühafizə orqanları İranın planlaşdırdığı müxtəlif sui-qəsd cəhdlərini və təxribat xarakterli əməliyyatlarını yaxından izləyir.

O vurğulayıb ki, bu təhdid müvəqqəti xarakter daşımır və Britaniyanın daxili təhlükəsizliyi üçün "uzunmüddətli və fasiləsiz" bir risk təşkil edir.

Komissar xüsusilə Londondakı İsrail mərkəzləri və yəhudi icmasına məxsus obyektlərin hədəf alınma ehtimalının yüksək olduğunu bildirib.

"İranın potensial hücum planları və yəhudi mərkəzlərinə qarşı təhdidləri davam edir. Biz bu hədəflərin qorunması üçün polis nəzarətini və kəşfiyyat fəaliyyətlərini gücləndirmişik."-deyə o qeyd edib.

Qeyd edək ki, London polisinin bu xəbərdarlığı Yaxın Şərqdəki müharibənin fonunda Avropada İran və proksi qüvvələrin fəallığının artması barədə kəşfiyyat məlumatlarının yayıldığı bir dövrə təsadüf edir. Britaniya hökuməti vətəndaşları ayıq-sayıq olmağa və hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat verməyə çağırıb.

Mövzuya görə xəbərlər