BAKI, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirəyə verdiyi xüsusi müsahibədə İranın körfəz ölkələrinə qarşı intensivləşən hücumlarını sərt tənqid edib. Nazir Tehranın bu addımlarının regionda qalıcı düşmənçiliyə yol açdığını və strateji baxımdan yanlış olduğunu vurğulayıb.
Hakan Fidan Səudiyyə Ərəbistanının dəvəti ilə Riyadda keçirilən ərəb və islam ölkələri xarici işlər nazirlərinin fövqəladə toplantısında iştirak edib. Maraqlıdır ki, nazirin müsahibəsi zamanı Riyadda hava həyəcanı siqnalları verilib və mobil telefonlara "Məkanınız hücuma məruz qalır, dərhal sığınacağa gedin" xəbərdarlığı gəlib. Lakin Fidan və nümayəndə heyəti görüşü davam etdirib, nazir yola düşdükdən qısa müddət sonra şəhərdə iki güclü partlayış səsi eşidilib.
Nazir Fidan müsahibə zamanı iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığının detallarını açıqlayıb.
"İranın xarici işlər naziri toplantıdan dərhal əvvəl zəng etdi. Ondan soruşdum: 'Bizə raket atırsınız , bu nədir?' Biz dəfələrlə təkrar etmişik ki, körfəz ölkələrini çətin vəziyyətə salmaq İrana fayda verməyəcək. Körfəz dövlətlərinə hücum edib, onların ABŞ-a təzyiq göstərəcəyini gözləmək nə strateji, nə də taktiki cəhətdən doğrudur."-deyə Fidan bildirib.
Riyad toplantısının əsas gündəmi
Toplantının tək bir mövzu ilə toplandığını qeyd edən Fidan bildirib ki, körfəz ölkələri bu müharibə ilə heç bir əlaqələrinin olmadığını, lakin İranın qəsdən mülki infrastrukturu və iqtisadi hədəfləri vurduğunu vurğulayıblar. "Körfəz ölkələri öz hava məkanlarını və bazalarını İrana qarşı istifadəyə verməyəcəklərini bəyan etsələr də, Tehranın onlara qarşı təcavüzü haqsızdır və bu dövlətlərin cavab vermək hüququ var," – deyə nazir əlavə edib.
Hakan Fidan Türkiyənin mövqeyini belə xülasə edib: "Biz həm İsrailin təcavüzünə və işğalı genişləndirməsinə, həm də İranın müharibənin miqyasını regiona yaymaq cəhdlərinə qarşıyıq. Türkiyə hər zaman İsraili ən sərt şəkildə tənqid edən ölkə olub, lakin biz bu gərginliyin bütün bölgəni bürüyən uzunmüddətli müharibəyə çevrilməsini istəmirik."







