Son dəqiqə

Norveç Mette-Marit Jeffrey Epstein

Norveç Krallığında "Epstein zəlzələsi": Şahzadənin yazışmaları ifşa olundu

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Norveç Vəliəhd Şahzadəsi Mette-Marit, qalmaqallı amerikalı milyarder Jeffrey Epstein ilə keçmişdə yaxın əlaqələrinin olduğunu ilk dəfə rəsmən etiraf edib.

TurkicWorld xəbər verir ki, NRK dövlət yayımçısına müsahibə verən şahzadə manipulyasiya edildiyini iddia etsə də, sızan gizli yazışmalar və "Paris zina üçün yaxşı yerdir" ifadəsi kral ailəsinin nüfuzuna ağır zərbə vurub.

Şahzadə Mette-Marit müsahibəsində Epsteinin əsl simasını görmədiyini və onunla heç vaxt tanış olmamağı arzuladığını bildirib: "Onun tərəfindən manipulyasiya edildiyimi qəbul etmək mənim üçün vacibdir. Aramızda dostluqdan başqa heç bir əlaqə olmayıb". Lakin sızan sənədlər şahzadənin hələ 2011-ci ildə milyarderin qaranlıq keçmişindən xəbərdar olduğunu göstərir. Belə ki, o, Epsteinə yazdığı məktubda onun haqqında araşdırma apardığını və tapdıqlarının "yaxşı görünmədiyini" qeyd edərək mesajı gülüş emojisi ilə bitirib.

Ən böyük səs-küyə səbəb olan isə 2012-ci ilə aid yazışmadır. Epsteinin Parisdə özünə həyat yoldaşı axtardığını bildirməsinə şahzadənin verdiyi cavab medianın gündəmini zəbt edib: "Paris zina üçün yaxşı yerdir, skandinaviyalılar həyat yoldaşı olmaq üçün daha uyğundur".

Bu yazışmalardan cəmi bir il sonra, 2013-cü ildə Mette-Maritin Epsteinin Florida ştatındakı malikanəsində 4 gün qonaq qalması "aldadıldım" arqumentini ciddi şübhə altına qoyur. Xatırladaq ki, Epstein hələ 2008-ci ildə seks işçiliyinə cəlb etmə ittihamı ilə məhkum olunmuşdu. Britaniya şahzadəsi Endryunun ardınca Norveç krallığının da bu qaranlıq şəbəkəyə adının qarışması Avropada monarxiya əleyhinə çıxışları yenidən alovlandıra bilər.

Mövzuya görə xəbərlər