BAKI, TurkicWorld, Orxan Qədirzadə
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ramazan bayramı münasibətilə krallıq vətəndaşlarına və bütün İslam dünyasına müraciət edib.
TurkicWorld xəbər verir ki, Kral Salman ölkəsinin regional münaqişələrin qarşısının alınması və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətindəki qətiyyətli mövqeyini bir daha vurğulayıb.
"Səudiyyə Ərəbistanı böhranların qarşısını almaq və sabitliyi qorumaq üçün davamlı səylər göstərir", - deyə Kral Salman bəyan edib. O, həmçinin builki Ramazan ayında milyonlarla müsəlmanın Ümrə ziyarətini rahatlıqla yerinə yetirməsi üçün dövlətin bütün resurslarının səfərbər olunduğunu qeyd edib. Kral vurğulayıb ki, İki Müqəddəs Ocağa xidmət etmək Səudiyyə dövlətinin yarandığı gündən bəri ən ali və müqəddəs vəzifəsidir.
Müraciətdə həmçinin sərhədlərdə xidmət edən hərbçilər üçün dualar edilib, İslam dünyasına və bütün bəşəriyyətə rifah və əmin-amanlıq arzulanıb. Qeyd edək ki, Kral Salman və Vəliəhd Şahzadə Məhəmməd bin Salman bayram münasibətilə bir çox İslam ölkələrinin liderlərindən təbrik mesajları alıblar.






