Son dəqiqə

İsrail ABŞ Donald Tramp Qəzza HƏMAS Benyamin Netanyahu Qəssam Briqadaları

Qəzzada "Silahların Taleyi" müzakirəsi: HƏMAS Trampın tərksilah şərtinə cavab hazırlayır

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Fələstinli mənbələrin "Asharq Al-Awsat" qəzetinə verdiyi məlumata görə, HƏMAS və Qəzzadakı digər qruplaşmalar bölgənin yenidən qurulması üçün ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü "tam tərksilah" şərtini müzakirə edirlər.

TurkicWorld xəbər verir ki, HƏMAS-ın xaricdəki rəhbəri Xalid Məşal Qəzzadakı sahə komandirləri ilə əlaqə saxlayaraq "müqavimət silahları"nın gələcəyi barədə məsləhətləşmələr aparıb.

Mənbələr bildirir ki, iki illik müharibə nəticəsində Qəzzada artıq İsrailin təsvir etdiyi mənada "ağır silahlar" və raket arsenalı qalmayıb. Hazırda qruplaşmaların əlində yalnız yüngül atıcı silahlar (Kalaşnikov tüfəngləri), tank əleyhinə mərmilər və pikaplara quraşdırılmış pulemyotlar mövcuddur.

İsrail Baş naziri Benyamin Netanyahunun 60 min Kalaşnikov tüfənginin təhvil verilməsi tələbinə cavab olaraq, fələstinli tərəflər bu rəqəmin qeyri-real olduğunu bildirirlər. Razılıq əldə olunarsa, ağır pulemyotların vasitəçilərə təhvil verilməsi, lakin yüngül silahların müəyyən təminatlar altında saxlanılması təklif edilir. Hazırda HƏMAS nümayəndə heyəti Qahirədə Qəzzanın inzibati idarəçiliyi və beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi məsələlərini müzakirə edir.

Mövzuya görə xəbərlər