BAKI, TurkicWorld, Orxan Qədirzadə
"IX Milli İnsan Resursları Forumunda əsas fokusumuz yeni reallığı daha yaxşı anlamaq və ona uyğun daha çevik, daha insani və daha strateji yanaşmalar formalaşdırmaqdır."
TurkicWorld xəbər verir ki, “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə 16 may tarixində “Baku Marriott Hotel Boulevard”da IX Milli İnsan Resursları Forumu təşkil olunacaq.
İnsan resursları sahəsində fəaliyyət göstərən peşəkarları, şirkət rəhbərlərini və HR mütəxəssislərini bir araya gətirəcək forum ölkədə HR sahəsinin inkişafına töhfə verməyi hədəfləyir.
Tədbirin təşkilatçıları ilə müsahibəni təqdim edirik.
Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi
Rafiq bəy, forumun təşkilati işləri hazırda hansı mərhələdədir və proqramın icrası, spikerlərin dəvəti, iştirakçıların qeydiyyatı necə planlaşdırılıb?
Hazırda forumun təşkilati işləri artıq yekunlaşma mərhələsinə yaxınlaşır. Proqram üzərində uzun müddətdir işləyirik və deyə bilərəm ki, məzmun baxımından kifayət qədər zəngin və praktik yönümlü bir axın formalaşdırmışıq. Spikerlərin böyük əksəriyyəti ilə razılıq əldə olunub, həm yerli, həm də beynəlxalq ekspertlərin iştirakı planlaşdırılır. İştirakçıların qeydiyyatı isə aktiv şəkildə davam edir və maraq gözlədiyimizdən də yüksəkdir. Bu da bizə göstərir ki, seçdiyimiz mövzular bazarın ehtiyaclarına uyğun formalaşdırılıb.
“Facemark” olaraq illərdir HR sahəsində davamlı olaraq tədbir təşkil edirsiniz. Bu müddət ərzində forumların inkişafı və HR sahəsinə töhfəsi barədə nə deyə bilərsiniz? Hər il yeni trendləri və çağırışları necə əhatə edirsiniz?
“Facemark” olaraq HR sahəsində uzun illərdir davamlı tədbirlər təşkil etmək bizim üçün sadəcə ənənə yox, həm də məsuliyyətdir. Bu müddət ərzində forumların inkişafına baxdıqda görürük ki, hər il daha çox praktik yönümlü, real biznes problemlərinə toxunan və iştirakçılara dəyər qatan bir platformaya çevrilmişik. Mövzuları seçərkən çalışırıq ki, yalnız aktual deyil, eyni zamanda yaxın gələcəkdə HR sahəsini formalaşdıracaq istiqamətləri də əhatə edək. Bu yanaşma forumları hər il daha aktual və faydalı edir.
Uzun illərdir müxtəlif sahələri əhatə edən peşəkar tədbirlər təşkil edirsiniz. Gələcəkdə hansı yeni mövzularda forumlar və ya tədbirlər keçirməyi planlaşdırırsınız? Hansı maraqlı layihələr bizi gözləyir?
Hazırda biz qarşıdakı dövr üçün daha fərqli və faydalı layihələr üzərində işləyirik. Məqsədimiz yalnız tədbir keçirmək deyil, iştirakçılara real dəyər qatan, onların peşəkar inkişafına təsir edən platformalar yaratmaqdır. Deyə bilərəm ki, qarşıda bizi daha maraqlı, daha dinamik və daha faydalı layihələr gözləyir. Hazırda bu istiqamətdə intensiv hazırlıq gedir.
Cabir Süleymanlı – MİRF layihə rəhbəri
Bu ilki forumun konsept mesajında ‘Yeni reallıq’ deyirik. Maraqlıdır, bu mesaj nəyi ifadə edir və insan resursları sahəsində hansı yenilikləri və adaptasiyaları ön plana çıxarır?
“Yeni reallıq” əslində son illərdə hamımızın içində olduğu, amma bəzən tam adlandıra bilmədiyimiz dəyişimi ifadə edir. Biraz da zarafatyana desək, son vaxtlar tez-tez eşitdiyimiz “yeni dünya düzəni” anlayışı artıq sadəcə bir fikir deyil, iş mühitlərimizdə hiss etdiyimiz bir reallığa çevrilib. Texnologiya sürətlə dəyişir, süni intellekt artıq həyatımızın bir parçasıdır. Dəyişən isə yalnız texnologiya yox, həm də insanın özüdür. Yeni nəsil –sadəcə gənc olduğu üçün yox, yaşadığı mühit əvvəlkindən fərqli olduğu üçün, texnologiya ilə böyüdüyü üçün artıq fərqli düşünür. Onların öyrənmə alışqanlıqları dəyişib, motivasiya mənbələri fərqlidir, iş mühitindən gözləntiləri əvvəlki nəsillərlə eyni deyil.
Digər tərəfdən, dünyada baş verən iqtisadi və siyasi proseslər, regionumuzdakı dəyişikliklər, əmək bazarında və iş mühitlərində yaranan yeni dinamika da bu transformasiyanı sürətləndirir. Ən vacib məqam isə budur ki, biz artıq bu dəyişikliklərdən “gələcəkdə belə olacaq” kimi danışmırıq. Bu dəyişikliklər artıq bizim gündəlik iş həyatımızın reallığıdır. “Yeni reallıq” deyəndə biz məhz bunu nəzərdə tuturuq: şərtlər dəyişib, oyun qaydaları dəyişib və HR olaraq, təşkilatlar olaraq bu dəyişikliklərə sadəcə baxmaq yox, onlara uyğunlaşmaq və yön vermək məcburiyyətindəyik.
Bu səbəbdən bu ilki forumda əsas fokusumuz – bu yeni reallığı daha yaxşı anlamaq və ona uyğun daha çevik, daha insani və daha strateji yanaşmalar formalaşdırmaqdır.
Milli İnsan Resursları Forumunun ölkəmizdə 9-cu dəfə keçirilməsi onun davamlı uğurunu və insan resursları sahəsindəki öncül rolunu göstərir. Bu il forumun 9-cu dəfə təşkil olunması nə dərəcədə əhəmiyyətlidir və həm peşəkarlar, həm də şirkətlər üçün hansı yenilikləri və fərqli təcrübələri təqdim edəcək?
Forumun 2015-ci ildən keçirildiyini nəzərə alsaq, artıq 10 ildən artıq bir dövrü əhatə edir və bu il 9-cu dəfə təşkil olunur. Bu onun dayanıqlılığını və davamlılığını göstərir. Mənim fikrimcə, MİRF artıq sadəcə bir tədbir deyil, formalaşmış və dayanıqlı bir platformaya çevrilmişdir. Hansı ki, bu platforma illər ərzində təkcə çıxışların edildiyi bir mühit olmaqdan əlavə, ölkəmizdə insan resursları sahəsinin yeniliklərinin, trendlərinin mütəmadi olaraq müzakirə edildiyi, bu sahənin nəbzinin tutulduğu bir məkana çevrilib. Burada insanlar təkcə dinləməyə gəlmir. İştirakçılar üçün bu, həm öz təcrübələrini və yanaşmalarını göstərmək imkanıdır, həm də öyrənmək, müqayisə etmək, öz suallarına cavab tapmaq və yeni insanlar tanımaq üçün bir fürsətdir. Eyni zamanda, HR mütəxəssisləri bir-biri ilə real təcrübələrini bölüşür, bir-birindən öyrənir və bəlkə də gündəlik iş həyatında qarşılaşdıqları suallara cavabları məhz bu platformada tapırlar. Bu baxımdan, forumun 9-cu dəfə keçirilməsi sadəcə rəqəm deyil – bu, formalaşmış etimadın və dəyər yaradan bir ekosistemin göstəricisidir.
Forumun proqramı hansı əsas mövzular və panel müzakirələri üzərində qurulub? İştirakçılar bu çıxışlar vasitəsilə HR sahəsində hansı yeni yanaşmalar, real təcrübələr və praktik həll yolları ilə tanış ola biləcəklər?
Bu il proqramı qurarkən əsas məqsədimiz o idi ki, “Yeni reallıq” konsepti sadəcə bir sloqan kimi qalmasın, panel müzakirələrinin içində real məna qazansın.
Bu səbəbdən proqram 3 əsas panel üzərində qurulub:
Yeni reallıqda liderlik
Bu paneldə əsas sual budur: dəyişən mühitdə lider kimdir və necə olmalıdır? Artıq klassik idarəetmə yanaşmaları kifayət etmir. Şirkətlərdən, rəhbərlərdən və HR mütəxəssislərindən gözlənilən liderlik daha çevik, daha empatik və daha strateji yanaşmalar tələb edir. Bu paneldə yeni reallıqda liderliyin hansı alətlərlə və hansı düşüncə tərzi ilə qurulmalı olduğunu müzakirə edəcəyik.
Yeni oyun qaydaları
Burada isə həmin “yeni reallıq”ın özünü açmağa çalışırıq. Yeni nəsil, yeni motivasiya mənbələri, dəyişən öyrənmə və işləmə alışqanlıqları, iş mühitində formalaşan yeni dinamika – bütün bunlar artıq yazılmamış, amma hamının hiss etdiyi yeni qaydalardır. Bu paneldə məqsədimiz bu mühiti daha aydın təsvir etmək və bu qaydaları birlikdə anlamaqdır.
Yeni reallıqda insan
Bu panel isə daha çox fərdi səviyyəyə fokuslanır. Bu gün bir mütəxəssis olaraq insan özünü necə fərqləndirə bilər? Hansı bacarıqlar artıq “olsa yaxşıdır” yox, “olmasa olmaz” kateqoriyasına keçib? Bu yeni reallıqda uğurlu olmaq üçün insan özündə nəyi dəyişməlidir? Bu suallar ətrafında müzakirələr aparılacaq.
Ümumilikdə məqsədimiz odur ki, iştirakçılar tədbirdən çıxanda sadəcə yeni fikirlər yox, həm mühiti daha yaxşı anlasınlar, həm də özləri üçün konkret istiqamətlər müəyyən edə bilsinlər.
Elgün Oruclu – “HR Option” şirkətinin həmtəsisçisi
Keçən illərdən fərqli olaraq, bu il Milli İnsan Resursları Forumunda hansı yeni yanaşmalar, innovativ formatlar və aktual mövzular təqdim olunacaq? Forum iştirakçılarına bu dəyişikliklər və yeniliklər necə əlavə dəyər və praktiki fayda gətirəcək?
Milli İnsan Resursları forumu kimi platformalar artıq sadəcə tədbir deyil, ekosistem formalaşdıran mərkəzlərə çevrilib. Əminliklə deyə bilərik ki, bu forum ölkəmizdə insan resursları düşüncə tərzinin trendlərə, qlobal və yerli əmək bazarı dəyişikliklərinə diqqət çəkməsində əhəmiyyətli rola sahibdir.
Düşünürəm ki, Milli İnsan Resursları forumu həm şirkətlər, həm də fərdi şəxslər üçün qısa və uzun dönəmdə müsbət dəyişikliklər üçün fürsətlər yaradır. Məsələn, təcrübəli İR əməkdaşı sosial mediada və ya əmək bazarında davamlı olaraq adını eşitdiyi şəxslərlə birə-bir tanış olmaq, müsbət əlaqələr qurmaq üçün əhəmiyyətli fürsətlər əldə edirlər. Statistika göstərir ki, insanların əksəriyyəti karyera yüksəlişini əsasən öz çevrələri və referanslarının köməyi, tanış olduqları uğurlu insanların dəstəyi ilə əldə edirlər. Eyni zamanda, forumun moderator və spiker komandasının xüsusi diqqətlə müəyyənləşdirilməsi tədbirdə müzakirə ediləcək mövzuların əhəmiyyətini daha da artırır.
Fikrimi yekunlaşdıracaq olsam, deyə bilərəm ki, Milli İnsan Resursları forumu yeni başlayanlar və təcrübəli şəxslər üçün karyera irəliləyiş fürsəti, əmək bazarının trendlərindən xəbərdar olma şansları verməklə bərabər, forum müddətində yaşanan ab-hava ilə peşə seçimlərinin nə qədər düzgün olduğunu anlamalarına imkan yaradır.
Forumun müəssisələrə faydasına gəldikdə isə yuxarıda sadalananların hər birini buraya ayrı-ayrılıqda əlavə etmək yerində olacaqdır. Çünki müəssisə, korporativ mühit fərdi deyil, fərqli struktur bölmələrinin effektiv şəkildə bir araya gəlməsindən yaranır. Effektiv fəaliyyət isə yalnız öz öhdəliklərinin fərqində olan işçilərlə mümkündür. İR həm komanda üzvü olaraq, həm də bu anlayışı digər strukturlara aşılayan şəxslər olaraq bu vəzifənin icrasında ilk pillədə yer alır.
Sizcə, hazırkı iş bazarında HR sahəsində hansı əsas trendlər və çağırışlar ön plana çıxır?
Şübhəsiz ki, qlobal əmək bazarında olduğu kimi, Azərbaycanda da hal-hazırda ən aktual mövzu süni intellekt (AI) və onun əmək bazarına gətirəcəyi dəyişikliklərin düzgün şəkildə inteqrasiya edilməsidir. Qlobal informasiya vasitələrinin də bildirdiyi kimi, süni intellekt həllərinin ən sürətli şəkildə əvəz edə biləcəyi sektorların başında İnsan Resursları gəlir. Əslində cəmiyyətin insani xarakteristika olaraq xüsusiyyətlərinə nəzər saldıqda, yeni nəslin, xüsusilə də yeni iş axtarışında olanların bu dəyişikliyə daha uyğun olduğunu müşahidə etmək mümkündür. Çünki informasiya bolluğu, hər gün dəyişən tendensiyalar, həyat tərzinin dinamikləşməsi və dünya mədəniyyətinin sosial media vasitəsilə böyük ölçüdə vahidləşməsi qlobal trendlərə ayaq uydurmağı bir qədər şərt halına gətirib.
Bir başqa sözlə, öncələr hansısa mədəniyyətin inkişaf etmiş ölkələrdən digər ölkələrə yayılması bir neçə il zaman alırdısa, indi bu zaman bir neçə aya qədər düşmüşdür. Bu bəzən ölkə iqtisadiyyatını müsbət yöndə tətikləsə də, bəzi hallarda isə təməlin olmamasından dolayı mənfi istiqamətdə yönləndirə bilir.
Düşünürəm ki, hazırkı HR əmək bazarı üçün iki əsas faktor xüsusi diqqət tələb edir. Onlardan biri təbii, digəri isə süni intellektin sürətli dəyişən qloballaşmış mədəniyyətdə necə davranacağının təsbit edilməsinin çətinləşməsidir. Çünki təxminən hər 30 ildə cəmiyyət bir əvvəlki fərdlərdən demək olar ki, tamamilə fərqlənir. Bu günün reallığında isə İnsan Resursları üzrə işəqəbul əməkdaşları artan maddi tələblər, qloballaşmış əmək bazarı mədəniyyəti, dəyişmiş həyat standartları prioritetləri və fərqliləşmiş psixologiya qarşısında necə davranmalı olduqlarını tapmaqda çətinlik çəkirlər.
Milli İnsan Resursları forumu 2026-nın ana mövzusunun süni intellekt və əmək bazarı istiqamətli olması da forumun nəticəsində əhəmiyyətli həllərin əldə edilə biləcəyinə ciddi ümid yaradır.
“Forumun ‘Yeni reallıq’ konsepti HR sahəsində hansı dəyişiklikləri və adaptasiyaları ön plana çıxarır?
İlk növbədə, doğru hədəf kütləyə çıxışın təmin olunması əsas istiqamətlərdən biridir. HR Option uzun illər ərzində formalaşdırdığı insan resursları bazası, əmək bazarında yüzlərlə müəssisədə çalışan məzunlarının güvənindən istifadə edərək hədəf kütlənin foruma daha səmərəli cəlb olunmasına və forum haqqında düzgün məlumatlandırılmasına töhfə verir.
Forumun konsepsiyası yerli kadr potensialının səmərəli istifadəsinə yönəldiyi üçün, bu məqsədlərin həyata keçirilməsi yalnız qəbul edilmiş beynəlxalq standart və normalar çərçivəsində mümkündür.
İkinci istiqamət kimi, əməkdaşlıq edilən korporativ mühitin diqqətinin cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Forumun mahiyyətini tam qəbul edə bilməyən və əməkdaşlarının Milli İnsan Resursları forumunda iştirakına tərəddüdlə yanaşan rəhbərlərin bu kimi tədbirləri xərc deyil, uzunmüddətli investisiya kimi qiymətləndirmələrinə dəstək olmaq, forumu dəstəkləməklə diqqət çəkmək HR Option-un əsas funksiyalarından biridir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müəssisələr işçilərini ildə orta hesabla 10–12 təlimə və foruma yönləndirir. Bu yanaşmanın yerli sahibkarlar tərəfindən də mənimsənilməsi ölkənin əmək bazarının beynəlxalq standartlara daha da yaxınlaşmasına mühüm töhfə verə bilər.
Üçüncü istiqamət isə vahid məqsədli İnsan Resursları cəmiyyətinin formalaşdırılmasıdır. HR Option Milli İnsan Resursları forumunu dəstəkləməklə ölkədə vahid və effektiv İnsan Resursları cəmiyyətinin, eləcə də bu istiqamətdə fəaliyyət göstərən müxtəlif dərnəklərin formalaşmasında yönləndirici rolunu oynamağı hədəfləyir. Beynəlxalq normalar da onu göstərir ki, biri-birindən heç bir asılılığı olmayan, maddi qarşılıq güdmədən fəaliyyət göstərən könüllü dərnəklər daha uzunmüddətli və dayanıqlı inkişaf xəritəsinə malikdirlər.
Tədbir haqqında ətraflı məlumat əldə etmək və bilet əldə etmək üçün www.mirf.az saytına daxil ola bilərsiniz.
Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA "IX Milli İnsan Resursları Forumunun rəsmi media tərəfdaşıdır.







