BAKI, TurkicWorld, Orxan Qədirzadə
27 fevral 2026-cı il tarixində Qırğız Respublikasının sədrliyi ilə Bişkek şəhərində, “Ala-Arça” Dövlət iqamətgahında Türk Mədəniyyəti və İrsi Fondunun Şurasının Üçüncü iclası keçirilib.
TurkicWorld xəbər verir ki, iclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev, Özbəkistan Respublikasının Mədəniyyət naziri cənab Ozodbek Nazarbekov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya üzrə nazir müavini cənab Aybek Sıdıkov, Türkiyə Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mekin Mustafa Kemal Ökəm, Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubanıçbek Ömüralıyev, eləcə də Türk dövlətlərinin müvafiq dövlət qurumlarının digər nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində Fondun 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat təqdim olunub, həyata keçirilən layihə və təşəbbüslərin icra vəziyyəti nəzərdən keçirilib, həmçinin 2026–2027-ci illər üçün prioritet fəaliyyət istiqamətləri müzakirə edilib.
İclasın yekununda Şura üzvləri nəzərdə tutulmuş layihələrin ardıcıl şəkildə həyata keçirilməsinə sadiqliyini bir daha təsdiq edərək, türk dövlətləri arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə beynəlxalq təşəbbüslərin genişləndirilməsi, mədəni irsin qorunması və təbliği sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də türk dünyasının vahid humanitar məkanının möhkəmləndirilməsi istiqamətində qarşıdakı dövr üçün əsas hədəfləri təsdiqləyiblər.
Qeyd edək ki, Fondun Şurasının birinci iclası 2024-cü ildə Azərbaycan Respublikasında, ikinci iclası 2025-ci ildə Qazaxıstan Respublikasında keçirilmiş, üçüncü iclas isə illik görüşlər ənənəsini davam etdirərək Qırğız Respublikasında baş tutub.