BAKI,TurkicWorld, Orxan Qədirzadə
Futbol üzrə dünya çempionatının ABŞ-də keçirilməsi beynəlxalq futbol ictimaiyyətində ciddi mübahisələr doğurub.
TurkicWorld xəbər verir ki, FİFA-nın sabiq prezidenti Zep Blatter Donald Tramp administrasiyasının daxili və xarici siyasətini əsas gətirərək 2026-cı il futbol üzrə dünya çempionatının ABŞ-də keçiriləcək oyunlarının boykot edilməsinə çağırışları dəstəklədiyini açıqlayıb. Blatter bu mövqeyini sosial şəbəkədə paylaşdığı açıqlamada ifadə edib.
Qeyd edək ki, ABŞ 2026-cı il dünya çempionatına Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək. Turnirin ABŞ-də keçiriləcək oyunları 11 iyun – 19 iyul tarixlərini əhatə edəcək.
Zep Blatter İsveçrəli hüquqşünas və antikorrupsiya üzrə ekspert Mark Pitin açıqlamalarına istinad edərək, futbol azarkeşlərini ABŞ-yə səfərdən çəkinməyə çağırıb. Mark Pit bildirib ki, mövcud siyasi mühit fonunda azarkeşlər üçün ən düzgün seçim ABŞ-dən uzaq durmaqdır və oyunları televiziya vasitəsilə izləmək daha təhlükəsizdir.
Blatter Pitin fikirlərini sitat gətirərək, “Düşünürəm ki, Mark Pit bu dünya çempionatını sual altına almaqda haqlıdır”, – deyə qeyd edib.
Beynəlxalq futbol ictimaiyyətində narahatlıqlar Donald Tramp administrasiyasının miqrasiya siyasəti, səyahət məhdudiyyətləri, etirazçılara qarşı sərt tədbirləri və bəzi ölkələrə tətbiq edilən giriş qadağaları ilə əlaqələndirilir. Xüsusilə Seneqal, Fil Dişi Sahili, İran və Haiti vətəndaşlarına qarşı tətbiq edilən viza məhdudiyyətlərinin futbol azarkeşlərinin turnirdə iştirakını çətinləşdirəcəyi bildirilir.
Almaniya Futbol İttifaqının vitse-prezidenti Oke Götliş də ABŞ-in turnirə ev sahibliyinin ciddi şəkildə müzakirə olunmalı olduğunu bildirib. Onun sözlərinə görə, dəyərlərin müdafiəsi baxımından boykot məsələsi gündəmdə saxlanılmalıdır.
Boykot çağırışları Avropa ilə yanaşı Afrikada da səslənib. Cənubi Afrika Respublikasının müxalifət lideri Culius Malema ölkəsinin milli komandasını ABŞ-də keçiriləcək dünya çempionatından geri çəkilməyə çağırıb və Tramp administrasiyasının siyasətini aparteid dövrü ilə müqayisə edib.
Bununla yanaşı, bəzi milli futbol federasiyaları hələlik rəsmi şəkildə turnirdən imtina etmədiklərini, geosiyasi prosesləri izlədiklərini açıqlayıblar.