BAKI, TurkicWorld
Rusiya Müdafiə Nazirliyi ordunun Ukraynanın Lvov vilayətinə “Oreşnik” raket kompleksi ilə zərbələr endirdiyini təsdiqləyib.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ukrayna ərazisində yerləşən kritik əhəmiyyətli obyektlərə qarşı qurudan və dənizdən buraxılan, uzaqmənzilli yüksək dəqiqlikli silahlarla, o cümlədən ortamənzilli “Oreşnik” mobil yerüstü raket kompleksi, həmçinin zərbə tipli pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirilib”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Qurum təsdiqləyib ki, hücum 2025-ci il dekabrın 29-na keçən gecə Kiyevin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən iqamətgahını vurmaq cəhdinə cavab olaraq həyata keçirilib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında zərbənin qarşıya qoyulan məqsədlərə çatdığı vurğulanıb.
“Oreşnik” əvvəllər hazırlanmış RS-26 “Rubej” sistemi əsasında yaradılmış və 2025-ci ildə Rusiya ordusunun sərəncamına verilmiş ortamənzilli mobil yerüstü ballistik raket kompleksidir. Kompleks təxminən 5 500 km məsafədə yerləşən hədəfləri vurmaq imkanına malikdir və təqribən 10 Max (təxminən 12 000 km/saat) sürət inkişaf etdirir ki, bu da onu müasir hava hücumundan müdafiə vasitələri üçün son dərəcə çətin hədəfə çevirir. Raket adi və nüvə döyüş başlıqları, o cümlədən müstəqil hədəflənən bir neçə döyüş bloku daşıya bilər ki, bu da onun strateji tətbiq imkanlarını genişləndirir. Kompleks təkərli mobil buraxılış qurğusu (TEL) üzərində yerləşdirilib, bu isə mövqelərin sürətlə dəyişdirilməsini təmin edir və buraxılışın qabaqcadan müəyyənləşdirilməsini çətinləşdirir.







