BAKI,TurkicWorld, Orxan Qədirzadə
Livan Prezidenti Cozef Aun BMT Təhlükəsizlik Şurasının nümayəndə heyətinə müraciət edərək ölkəsinin İsraillə müharibə istəmədiyini, atəşkəsin tam şəkildə yerinə yetirilməsi və İsrail qüvvələrinin cənub bölgələrindən geri çəkilməsi üçün təzyiq göstərilməsinin vacib olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Prezident Aun nümayəndələrə Livanın beynəlxalq qətnamələrə sadiqliyini vurğulayaraq İsrailin 2024-cü ilin noyabrında elan edilmiş atəşkəsi pozmağa davam etdiyini, cənubda beş strateji bölgədə hərbi mövcudluğunu saxladığını qeyd edib. O, həmçinin BMT-dən Livan ordusunun qeyri-dövlət qruplarını, o cümlədən Hizbullahı tərksilah etmək səylərinə dəstək göstərməsini istəyib.
Hökumət bu ilin avqustunda ordusuna Hizbullahın tam tərksilahı barədə əmr verib və prosesin ilk mərhəsinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. BMT nümayəndə heyətinin Livana səfəri Dəməşqdə keçirilən görüşdən sonra baş tutub və şənbə günü ABŞ elçisi Morqan Ortaqusun müşayiəti ilə sərhəd xəttində monitorinq aparılacağı gözlənilir.
Səfər ərəfəsində Livan və İsrail nümayəndələrinin onilliklərdən sonra ilk birbaşa danışıqları keçirilib. Prezident Aun danışıqları “müsbət” qiymətləndirib və “müharibə dilinin deyil, diplomatiya dilinin üstünlük təşkil etməli olduğunu” bildirib.
Bununla yanaşı, İsrail ordusu cümə axşamı Livanın cənubunda dörd yaşayış məntəqəsinə zərbələr endirib, Hizbullahın silah anbarları və infrastrukturunu hədəf aldığını açıqlayıb. UNIFIL bu hücumları “1701 saylı qətnamənin açıq pozuntusu” adlandırıb. Həmin gün Bint Cbeil yaxınlığında altı silahlı şəxsin üç motosikletlə sülhməramlılara atəş açdığı bildirilir, yaralanan olmayıb.
Hizbullah atəşkəsdən sonra cavab zərbələri endirməsə də, keçən ay Beyrutun cənubunda hərbi komandanının öldürülməsinə cavab veriləcəyini bəyan edib.