BAKI, TurkicWorld
İsraildə Baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi koalisiya hökuməti yeni bir siyasi böhranla üz-üzə qalıb.
TurkicWorld xəbər verir ki, ultra-ortodoks Haredi yəhudilərini hərbi xidmətdən azad edən qanunun gündəmə gətirilməməsi səbəbilə, Aqudat İsrail Partiyası da hökumətdən istefa verdiyini açıqlayıb.
Qüds İşləri və Yəhudi İrsi naziri Meir Poruş bu qərarın Degel HaTorah Partiyasının addımından sonra verildiyini bildirərək, hər iki partiyanın yaratdığı Birləşmiş Tövrat Yəhudilik İttifaqının artıq koalisiyadan çəkildiyini elan edib. Onun sözlərinə görə, partiyanın dini rəhbərləri bu qərarı dəstəkləyib və rəsmən istefa əmri veriblər.
İsrail dövlət televiziyası KAN istefaların 48 saat ərzində qüvvəyə minəcəyini və bu müddətdə hökumətlə danışıqların davam edəcəyini açıqlayıb. Hazırkı vəziyyətdə Netanyahunun koalisiyasında yalnız Şas Partiyası qalır. Onların da gələn həftə istefa verəcəyi istisna edilmir.
Əgər Şas da hökuməti tərk edərsə, Netanyahunun parlamentdəki dəstəyi 61 yerlik mütləq çoxluq baryerinin altına düşəcək və hökumətin dağılması qaçılmaz olacaq.
Xatırladaq ki, 25 iyun 2024-cü ildə İsrail Ali Məhkəməsi ultra-ortodoks Haredi kişilərin hərbi xidmətdən azad edilməsinin hüquqi əsası olmadığını bəyan edərək, bu şəxslərin hərbi xidmətə çağırılmasına qərar verib. Qərarın ardınca təxminən 80 min Haredi arasında 24 min nəfərə çağırış vərəqələri göndərilib və qalanları üçün də prosesin başladığı bildirilib.
Bu qərar, uzun illər boyu hərbi xidmətdən azad edilən Haredi cəmiyyətində ciddi narazılıq doğurub və nəticədə koalisiya ortaqları qanunun parlament gündəminə salınmaması ilə bağlı hökuməti boykot etməyə başlayıblar.







