BAKI, TurkicWorld
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynada davamlı sülhün yalnız güc yolu ilə əldə edilə biləcəyini bəyan edib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, Avropanın ABŞ-ın təhlükəsizlik çətirindən kənarda qalmasından sonra qitənin müdafiə strategiyasını müzakirə etmək üçün gələn həftə keçiriləcək AB müdafiə sammitində "Avropanın yenidən silahlanması" ilə bağlı hərtərəfli plan təqdim edəcəyini bildirib.
Londonda keçirilən sammitdə Ukraynada sülhə nail olmaq üçün Avropanın daha böyük yük daşımalı olduğu müzakirə olunub. Böyük Britaniyanın baş naziri Keir Starmer, Ukrayna prezidenti Vladimir Zelenski və müttəfiq 18 ölkənin liderlərinin iştirak etdiyi görüşdə, London və Parisin müharibəyə son qoymaq üçün hazırladığı planın detalları müzakirə edilib. Starmer həmçinin ABŞ-ın bu prosesdəki rolunun əhəmiyyətini vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov, Moskvanın mövqeyini açıqlayaraq, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynada müharibəni bitirmək məqsədini "məntiqi" adlandırıb. Eyni zamanda, Avropa dövlətlərini münaqişəni uzatmaqda ittiham edib. Lavrovun bəyanatı, Qərbin müharibəni uzatmaq istədiyi barədə Kremlin tezislərini bir daha gündəmə gətirib.







