Bakı, TurkicWorld
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) struktur dəyişikliyi çərçivəsində mülki işçilərin 5-8%-ni işdən çıxarmağı planlaşdırır.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Pentaqonun şəxsi heyət və döyüş hazırlığı üzrə müşaviri Darin Selnik bildirib ki, bu tədbir səmərəliliyi artırmaq və döyüş hazırlığını gücləndirmək məqsədi daşıyır.
Pentaqonda təxminən 950 min mülki işçi var və ilkin mərhələdə 5,400 nəfərin işdən çıxarılması gözlənilir.
Selnik qeyd edib ki, işdən çıxarılanlar əsasən “kritik vəzifələrdə olmayan” və sınaq müddətində olan şəxslər olacaq. O əlavə edib ki, ixtisar siyahıları kibertəhlükəsizlik, kəşfiyyat və xarici hərbi əməliyyatlar kimi strateji sahələrdə çalışan mütəxəssisləri əhatə etməyəcək..”
Bununla yanaşı, adının açıqlanmasını istəməyən Pentaqon rəsmiləri CNN-ə bildiriblər ki, bu qənaət tədbirlərinin ABŞ ordusunun ümumi fəaliyyətinə təsirini daha dərindən araşdırmaq üçün ixtisar prosesinin növbəti mərhələsi hələlik müvəqqəti olaraq dayandırılıb.
ABŞ Prezidenti Donald Tramp isə son açıqlamalarında Pentaqon daxilində daha geniş miqyaslı islahatların olacağını vurğulayıb. Fevralın 9-da Fox News telekanalına verdiyi müsahibədə o, hərbi strukturlarda israfçılıq və korrupsiya hallarını araşdırmaq niyyətində olduğunu bildirib.
Fevralın 11-də Almaniyanın Ştutqart şəhərində çıxışı zamanı müdafiə naziri Pete Hegseth də bu fikirləri təsdiqləyib.







