Bakı, TurkicWorld
Alyaskanın ən aktiv vulkanlarından biri olan Spurr dağı son aylarda artan vulkanik aktivliklə diqqət çəkir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, son 10 ay ərzində baş verən minlərlə kiçik zəlzələ vulkanın yaxın gələcəkdə püskürə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Alyaska Vulkan Rəsədxanasının mütəxəssisləri püskürmə ehtimalını 50% civarında qiymətləndirirlər. Son günlərdə aparılan müşahidələr göstərir ki, vulkanın şimal tərəfində, zirvə yaxınlığında çoxlu kiçik və dayaz zəlzələlər qeydə alınıb.
Spurr vulkanı Ankoric şəhərindən cəmi 130 km qərbdə yerləşir. Əgər püskürmə baş versə, 1953-cü ildə olduğu kimi şəhər kül buluduna bürünə bilər. Həmin il kül buludu 10 km yüksəklikdə müşahidə edilərək, nəqliyyatın hərəkəti iflic olub, hava limanı bağlanıb. Maddi zərər isə milyonlarla dollar təşkil edib.
Həmçinin, vulkanın səthi son vaxtlar 6,4 sm qədər şişib. Bu, vulkanın altında maqma yığılmasının və daxili təzyiqin artmasının göstəricisidir.
Buna baxmayaraq, ekspertlər bildirirlər ki, hazırda təcili tədbirlər görməyə ehtiyac yoxdur.2004 və 2012-ci illərdə də oxşar aktivlik müşahidə olunub, lakin püskürmə baş verməyib. Əgər püskürmə baş verərsə, daha güclü seysmik aktivlik qeydə alınacaq və xəbərdarlıq imkanı olacaq.