Bakı, TurkicWorld
ABŞ Dövlət Katibi Antoni Blinken, İsrail və HƏMAS-ın Qəzzada atəşkəs razılaşmasına çox yaxın olduqlarını bildirib.
TurkicWorld xəbər verir ki , Fransaya son səfəri çərçivəsində Blinken və Fransa Xarici İşlər Naziri Jan Noel Barrot Parisdə ortaq mətbuat konfransı keçirib.
Blinken, Fransa prezidentinə və hökumətinə ABŞ ilə ortaqlıq üçün təşəkkür edərək, ABŞ-Fransa tərəfdaşlığının dünya üçün daha təhlükəsiz və firavan bir gələcək qurmaqda vacib rol oynadığını vurğulayıb.
Qəzza ilə bağlı da fikirlərini bildirən Blinken, “Yaxın Şərqdəki girovlarla bağlı atəşkəsə və razılaşmaya çox yaxınıq” - deyə bildirib.
O, həmçinin atəşkəs razılaşmasının əldə edilməsi və girovların azad edilməsi istiqamətində Prezident Co Baydenin hazırladığı planın növbəti administrasiyaya təhvil veriləcəyini qeyd edib.
Livanda, İsrail qoşunlarının cənubdan geri çəkilməsindən sonra atəşkəsin sülhə doğru körpü ola biləcəyini düşünən Blinken, ABŞ-ın Fransayla birlikdə suveren və firavan Suriya üçün əməkdaşlıq etməyə davam edəcəyini vurğulayıb.
Blinken, Türkiyənin PKK və terrorla bağlı haqlı narahatlıqlarını nəzərə alaraq, ABŞ-ın Türkiyə ilə sıx əməkdaşlıq etdiyini də əlavə edib.
Fransa Xarici İşlər Naziri Jan Noel Barrot, Blinkenin vəzifədə olduğu müddətdə bir çox regional böhranın həllinə töhfə verdiyini və xüsusən Yaxın Şərqdəki diplomatik səylərinə görə ona təşəkkürünü ifadə edib. Livanda atəşkəsin əldə edilməsindən sonra prezident seçkilərinin keçirilməsi xəbərini verən Barrot, ABŞ və Fransanın bu sahədəki müvəffəqiyyətlərini qeyd edib.
Qeyd edək ki, Blinken Yaponiya və Cənubi Koreyadakı təmaslarından sonra son rəsmi səfərini Fransaya edib. ABŞ prezidenti Co Bayden isə öz kreslosunu yanvarın 20-də Donald Trampa təhvil verəcək.