Son dəqiqə

Braziliya mobil telefon istifadəsi

Braziliyada məktəblərdə mobil telefon qadağası müzakirə olunur

Bakı, TurkicWorld

Braziliya Konqresi, ibtidai və orta məktəblərdə mobil telefon istifadəsini qadağan edən yeni tənzimləməni təsdiqləyib.

TurkicWorld xəbər verir ki, ​bu qərar, uşaq və gənclərin sağlamlığı və təhsilə mənfi təsirlərini əsas gətirərək qəbul edilib.

Qanun layihəsi Braziliya Prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təsdiqlənərsə, ölkədə məktəblərdə mobil telefon istifadəsi rəsmi olaraq qadağan ediləcək.

Braziliyanın Təhsil Naziri Camilo Santana bu tənzimləmənin məktəblərdə mobil cihazlardan istifadənin məhdudlaşdırılması üçün doğru bir addım olduğunu bildirib. Valideynlərin əksəriyyəti də bu qərarı dəstəkləyib.

Locomotiva İnstitutu və QuestionPro tərəfindən keçirilən sorğuya görə, valideynlərin 82 faizi məktəblərdə mobil telefonların istifadəsinə tam qadağanın tətbiq olunmasının tərəfdarıdır.

Müxtəlif araşdırmalar göstərir ki, 10-13 yaş arası uşaqların yarısından çoxunun mobil telefonu var, 14-17 yaş arası yeniyetmələr arasında isə bu nisbət 87,6%-dir.

Hökumətin İnternet İdarəetmə Komitəsinin məlumatına görə, məktəblərin 28%-i tamamilə telefon qadağasını tətbiq edib, qalan məktəblərin isə təxminən üçdə ikisi istifadəyə müəyyən məhdudiyyətlər qoyur.

Bu tənzimləmə ilə Braziliya, məktəblərdə mobil telefon istifadəsini məhdudlaşdıran və ya qadağan edən digər ölkələrin təcrübəsini izləyir. Qərar, tələbələrin dərslərə daha çox diqqət ayırmalarını təmin etmək və mobil cihazların yarada biləcəyi diqqət dağınıqlığını azaltmaq məqsədi daşıyır.

Prezidentin təsdiqi ilə qanunun yaxın zamanda qüvvəyə minməsi gözlənilir.

Mövzuya görə xəbərlər