Bakı, TurkicWorld
Meta, Facebook və Instagramda Fələstinə aid xəbərlərə sosial media məhdudiyyəti edib
TurkicWorld xəbər verir ki, Facebook İsrail-Qəzza müharibəsi zamanı Fələstin xəbər agentliklərinin auditoriyaya çatma imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. BBC-nin araşdırmasına görə, 2023-cü ilin oktyabr ayından sonra Fələstin xəbər mərkəzlərinin qarşılıqlı əlaqə səviyyəsi ciddi şəkildə azalıb.
Sosial media müharibə dövründə Qəzza daxilindən səslərin dünyaya çatdırılması üçün vacib vasitəyə çevrilsə də, BBC-nin araşdırması göstərib ki, HƏMAS-ın 7 oktyabr hücumlarından sonra əsas Fələstin xəbər mənbələrinin qarşılıqlı əlaqə nisbəti 77 faiz azalıb. Məsələn, 5,8 milyon izləyicisi olan Fələstin televiziyası, paylaşımlarının əhatə dairəsinin 60 faiz azaldığını bildirib. Kanalın jurnalisti Tarık Ziyad, "Paylaşımlarımız tamamilə məhdudlaşdırıldı," deyə vurğulayıb.
Meta, bu vəziyyətin qəsdən olmadığını və ittihamların "tamamilə yanlış" olduğunu bildirib. Fələstinli jurnalistlər isə paylaşımlarının "kölgə qadağası" ilə məhdudlaşdırıldığını iddia edirlər. Meta əvvəllər ərəb dilində səhv qiymətləndirmələrə görə tənqid olunmuşdu.
Meta əməkdaşlarının verdiyi məlumata görə, Instagram alqoritmində edilən dəyişiklik Fələstinli istifadəçilərin şərhlərinə daha sərt moderasiya tətbiq olunmasına səbəb olub. Meta, nifrət məzmununun artması səbəbindən bu tədbirləri gördüyünü bildirsə də, bu siyasətlərin nə vaxt sona çatacağına dair məlumat verməyib.
Qeyd edək ki, müharibə dövründə ən azı 137 Fələstinli jurnalist həyatını itirib. Şimali Qəzza kimi təhlükəli ərazilərdə qalmağa davam edən jurnalistlərdən biri, Ömər əl-Qataa, "bütün risklərə baxmayaraq, biz Fələstin hekayələrini paylaşmaqdan əl çəkməyəcəyik." - deyə bildirib.