Bakı, TurkicWorld
Türkiyəyə Somali ilə Efiopiya arasında imzalanan müqavilədəki liderliyinə görə təşəkkür edirik.
TurkicWorld xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken, Ankarada Somali ilə Efiopiya arasında əldə edilən razılaşmanı müsbət qarşıladıqlarını bildirərək, liderliyə görə Türkiyəyə təşəkkür edib.
Blinken, yazılı açıqlamasında ABŞ administrasiyasının Somali və Efiopiyanın suverenliyini, birliyini, müstəqilliyini və ərazi bütövlüyünü təsdiqləyən, eyni zamanda ortaq maraqlara uyğun əməkdaşlığı nəzərdə tutan razılaşmanı alqışladığını qeyd edib.
Blinken, Somali və Efiopiya arasında qarşılıqlı iqtisadi fayda əldə etmək məqsədilə dənizə etibarlı çıxışın təmin olunması üçün texniki danışıqların aparılmasına tərəflərin hazır olduqlarını və bu danışıqları səbirsizliklə gözlədiklərini vurğulayıb.
Qeyd edək ki, 1991-ci ildə Somalidən bir tərəfli müstəqilliyini elan edən Somaliland ilə Efiopiya arasında yanvarın 1-də imzalanan anlaşma memorandumu regional gərginliyi artırmışdı. Efiopiyanın Somalilandı müstəqil ölkə kimi tanıması və Somalinin Efiopiyaya dənizə çıxışı təmin etməyə hazırlaşması, Somali rəhbərliyinin böyük reaksiyasına və böhranına səbəb olmuşdu. Ərəb Liqası, Afrika İttifaqı, Keniya və Cibutinin böhrandan çıxmaq üçün etdiyi cəhdlər də həmçinin uğursuzluqla nəticələnmişdi.
Onu da qeyd edək ki, Türkiyənin “Ankara prosesi” çərçivəsində tərəfləri bir araya gətirməsi ilə gərginlik azalmış və son olaraq dekabrın 11-də Ankarada prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə görüşən liderlər problemin həlli üçün razılığa gəliblər.
Razılaşmaya əsasən, Somalinin ərazi bütövlüyü təsdiqlənərkən, Efiopiyanın dənizə çıxış tələbləri hər iki tərəfin xeyrinə olan bir əməkdaşlıq prosesinə çevrilib. Tərəflər, 2025-ci ilin fevral ayının sonuna qədər Türkiyənin yardımı ilə texniki danışıqlara başlamaq və bu danışıqları 4 ay ərzində yekunlaşdırmaq niyyətindədirlər.