Bakı, TurkicWorld
Çin sosial media platforması TikTok, tətbiqin satışı və ya qadağan edilməsini tələb edən qanunun müvəqqəti dayandırılması üçün məhkəməyə müraciət edib.
TurkicWorld xəbər verir ki, şirkət, Ali Məhkəmədə məsələyə baxılana qədər qanunun icrasının dayandırılmasını istəyir.
TikTok-un Apellyasiya Məhkəməsinə təqdim etdiyi müraciətdə bildirilib ki, qanun 19 yanvar 2025-ci ildə qüvvəyə minəcək. Bu, platformanın ABŞ-da fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
TikTok-un Qlobal Biznes Həlləri rəhbəri Blake Chandlee-nin açıqlamasına görə, platformanın müvəqqəti bağlanması minlərlə müəssisə və məzmun yaradıcısı üçün ciddi maliyyə itkilərinə yol açacaq.
Chandlee, bağlanmanın 1 aydan çox davam etməsi halında bu itkilərin daha da artacağı ilə bağlı xəbərdarlıq edib.
ABŞ administrasiyası TikTok-un Çin hökuməti ilə əlaqələri səbəbindən Amerika istifadəçi məlumatlarını təhlükə altına atdığı iddiası ilə tədbirlər görüb. Prezident Co Bayden 2025-ci ilin yanvarına qədər TikTok-un Çin ByteDance şirkəti ilə əlaqələrini tamamilə kəsməsini tələb edib. Əks halda, tətbiq ABŞ-da qadağan olunacaq və istifadəçilərin girişinə blok qoyulacaq.
TikTok, bu qanunun ABŞ Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ölkənin “açıq internet” siyasətinə zidd olduğunu irəli sürərək, qanunun ləğvi üçün apellyasiya şikayəti verib. Şirkət həmçinin tələb olunan müddətin çox qısa olduğunu və bu müddət ərzində ByteDance ilə əlaqələri kəsməyin texniki olaraq mümkün olmadığını iddia edib.
Qeyd edək ki, keçən həftə Apellyasiya Məhkəməsi TikTok-un qanuna qarşı iddiasını rədd edərək, qadağanın lehinə qərar çıxarıb. Bu arada, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, qanunun onun vəzifəyə başlayacağı 20 yanvar 2025-ci il tarixindən bir gün əvvəl qüvvəyə minəcəyini təsdiqləyib.
TikTok-un taleyi indi həm ABŞ məhkəmə sistemi, həm də siyasi rəhbərlik tərəfindən veriləcək qərarlardan asılıdır.