Bakı, TurkicWorld
İngiltərənin sağçı Reform UK Partiyasının internet saytında quraşdırılan gizli izləmə pikseli ilə milyonlarla insanın şəxsi məlumatlarını onların razılığı olmadan topladığı və məlumatları reklamlarda istifadə edilmək üçün Facebook ilə paylaşdığı iddia edilib.
TurkicWorld xəbər verir ki, bu barədə yerli media apardığı araşdırmaya əsasən məlumat verib.
Araşdırmaya əsaslanaraq, anti - immiqrant olmağı ilə bilinən Naycel Farajın rəhbərlik etdiyi Reform UK Partiyasının internet saytı izlənilib. Sayta daxil olan şəxslərin şəxsi məlumatlarına dair təfərrüatların Meta piksel adlı rəqəmsal izləmə vasitəsi ilə izlənildiyi müəyyən edilib.
Böyük Britaniyanın Reform Partiyasının məlumatına görə, iyulun 15-dək olan bir ay ərzində partiyanın internet saytına təxminən 1,1 milyon insan daxil olmuşdu.
Belə ki, Reform UK Partiyasının internet saytı yüklənərkən, saytı ziyarət edən şəxsin razılığı tələb olunmadan izləmə pikseli avtomatik olaraq aktivləşdirilib.
Daha sonra müəyyən edilib ki, Facebook bağlı olduğu Meta-ya hansı internet səhifələrinə və nə vaxt baxıldığına dair təfərrüatları özündə əks etdirən şəxsi məlumat paketi göndərib. Məlumat paketində şəxslərin siyasi baxışları kimi şəxsi məlumatların da ola biləcəyi vurğulanıb.
Meta ilə neçə nəfərin şəxsi məlumatlarının paylaşıldığı hələ ki, dəqiq deyil.
Araşdırmalar nəticəsində, izləmə pikselinin partiyanın internet saytında ən azı iki ildir ki, istifadə edildiyi və keçən həftəyə qədər də aktiv olduğu bildirilib
Qeyd edək ki, Reform Böyük Britaniya Partiyası 4 iyul seçkilərində təəccüblü dərəcədə güclü performans göstərmişdi.
Seçkilərdən əvvəl Naycel Faraj yenidən partiyanın rəhbərliyini ələ alaraq , sürpriz şəkildə qayıtdığını elan etmişdi. Farajın qayıdışı partiyanın populyarlığına da böyük təkan vermişdi.
Həmçinin onu da qeyd edək ki, Faraj bu yaxınlarda İngiltərədə yayılan ifrat sağçı etirazlarla bağlı spekulyativ yazısı ilə zorakılığa təhrik etməkdə günahlandırılıb.