Son dəqiqə

Ukrayna Kiyev

2025-ci il Kiyev üçün daha çətin olacaq - Ukraynanın maliyyə naziri

Bakı, TurkicWorld

Gələn il Kiyev üçün daha çətin olacaq, bu vəziyyət ABŞ-da prezident seçkiləri ətrafında qeyri-müəyyənliklə bağlıdır.

TurkicWorld xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergiy Marçenko yerli telekanallardan birinə müsahibəsində deyib.

"2025-ci il daha çətin olacaq. Bu, qeyri-müəyyənlik ilidir. Bəzi qərarlar vaxtında qəbul edilməyə bilər. Cari ildə ABŞ Konqresinin yardımla bağlı qərarını uzun müddət gözlədiyimizi xatırlatmaq kifayət edər. Eyni zamanda, Birləşmiş Ştatlarda seçki yarışı şəraitində 2025-ci il üçün müvafiq qərarların qəbul ediləcəyini gözləyə bilmərik", - deyə nazir bildirib.

Marçenkonun sözlərinə görə, müttəfiq və tərəfdaş ölkələrin köməyi olmadan Ukraynanın Rusiya ilə qarşıdurmada müqavimət imkanları məhduddur.

Qeyd edək ki, Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu iyunda daha 1 milyard dollardan çox artaraq 152 milyard dolları ötüb. Ali Radanın büdcə komitəsinin üzvü Pavel Frolov Ukraynanın dünyada ən böyük büdcə kəsirinə malik ölkə olduğunu bildirib. Belə ki, hərbi əməliyyatlar fonunda ölkənin xərcləri gəlirlərini iki dəfə üstələyir.

Mövzuya görə xəbərlər