Bakı. TurkicWorld:
Kuba prezidenti Migel Diaz-Kanel ABŞ-ı ölkəsini terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmağa və iqtisadi sanksiyaları ləğv etməyə çağırıb.
TurkicWorld xəbər verir ki, Migel Diaz-Kanel bu barədə X sosial media hesabında bildirib.
“Kubanın terrorizmlə mübarizədə əməkdaşlıq etdiyi hamıya məlumdur, ona görə də ABŞ düzgün və məntiqli addım atmalıdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ 1961-ci ildə Kubadakı Amerika mülkiyyətinin milliləşdirilməsindən sonra diplomatik əlaqələri kəsdi. Bundan sonra Vaşinqton Kubaya qarşı ticarət və iqtisadi embarqo tətbiq etdi. 2014-cü ilin dekabrında ABŞ prezidenti Barak Obama Vaşinqtonun Havana ilə bağlı əvvəlki siyasətinin nəticə vermədiyini etiraf etdi və ikitərəfli əlaqələrin normallaşmasına və Kubaya qarşı sanksiyaların yumşaldılmasına doğru hərəkət etmək planlarını açıqladı. 2015-ci ildə Obama administrasiyası Kubanın terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıldığını bildirmişdi.
Lakin Donald Tramp 2017-ci ilin yanvarında prezident səlahiyyətlərini icra edəndən sonra proses dayandırıldı. O, ABŞ vətəndaşları üçün səfər prosedurlarını sərtləşdirdi və Kuba ordusunun nəzarətində olan təşkilatlarla iş görməyi qadağan etdi.
Bayden administrasiyası Kuba ilə bağlı siyasətini yenidən nəzərdən keçirəcəyini vəd edib, lakin hələ də ölkəni terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmayıb.