Asiya və Avropa rəsmiləri Səmərqənddə qida təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər

Asiya və Avropa rəsmiləri Səmərqənddə qida təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər

Bakı. TurkicWorld:

Asiya və Avropa rəsmiləri Səmərqənddə qida təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

TurkicWorld-un məlumatına görə, Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı Özbəkistan tərəfindən təşkil edilir və FAO-nun dəstəyi ilə keçirilir.

Ərzaq Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans dünyada ərzaq təhlükəsizliyinin vəziyyətini nəzərdən keçirəcək, Dayanıqlı İnkişaf Məqsədində irəliləyişə mane olan əsas aqro-ərzaq sistem problemlərini vurğulayacaq və onların həlli yollarını axtaracaq.

2030-cu ilədək aclıq böhranının dayandırılması, ərzaq təhlükəsizliyinin və qidalanmanın yaxşılaşdırılması, dayanıqlı kənd təsərrüfatının inkişafı üzrə konkret vəzifələri özündə əks etdirən konfransda “Sıfır aclıq” məqsədinə nail olmaq üzrə tədbirlərin icrası diqqətlə təhlil ediləcək.

Tədbirdə 30-dan çox ölkədən nazir və diplomatlar, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı, Asiya İnkişaf Bankı və digər beynəlxalq, elmi və maliyyə qurumlarının nümayəndələri iştirak edəcəklər.

Konfrans çərçivəsində Özbəkistan, aqrar sektorun islahatları sahəsində əldə etdiyi nailiyyətləri təqdim edəcək. O, həmçinin biliklərin ötürülməsi və innovativ həllərin yaradılması üçün dünya ictimaiyyətinin təcrübəsindən istifadə edəcək.

Bu gün dünya, torpaqların deqradasiyası və su qıtlığı, epidemiya və qeyri-sabit geosiyasi vəziyyətlə üz-üzədir. Bu çağırışlar fonunda ərzaq təhlükəsizliyi məsələsi getdikcə daha da aktuallaşır. Bu səbəbdən də, yüksək keyfiyyətli və sərfəli ərzaq məhsullarının birbaşa tədarükü üçün iştirakçı ölkələr arasında yaşıl və ekspress dəhlizlərin açılması da gündəmdədir.

FAO-nun hesablamalarına görə, dünyada təxminən 2,3 milyard insan orta və ya ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkir, onlardan 566 milyonu Asiyada yaşayır.

Keçiriləcək olan konfrans, FAO ilə Özbəkistan arasında əməkdaşlığı daha da genişləndirəcək. Tədbir aqro-ərzaq sistemlərinin inkişafı üçün qlobal çağırışların və həll yollarının müzakirəsi üçün əla platforma olacaq.

Qeyd edək ki, Ərzaq Təhlükəsizliyi Konfransı çərçivəsində “Özbəkistanın kənd-ərzaq potensialı” sərgisi və Özbəkistanın 1-ci Kənd-Ərzaq İnvestisiya Forumu keçiriləcək. Forumda Almaniya, İtaliya, İsrail, Macarıstan, Koreya Respublikası, Polşa, Azərbaycan və Qazaxıstandan 50-dən çox şirkət iştirak edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_