Bakı. TurkicWorld:
Avropada İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri olmuş Vilyam Şekspir öz əsərlərində humanizm, xəlqilik, həyatsevərlik ideyalarını tərənnüm edib, insan qəlbinin sirlərini dərindən bilib, qələmə aldığı mürəkkəb hadisələrin dolğunluğu ilə həmişə oxuculara böyük təsir göstərib.
Vilyam Şekspir 1564-cü il aprelin 23-də Eyvon çayı sahilində yerləşən, indi dünyada Şekspirin vətəni kimi məşhurlaşmış Stratford şəhərində anadan olub. 1571-ci ildə Vilyam yerli qrammatika məktəbində oxumağa başlayıb. Burada o, yunan və latın dillərini, məntiq elmini öyrənib. Getdikcə ailənin maddi vəziyyəti çətinləşib, o, təhsilini davam etdirə bilməyib. 1582-ci ildə Şekspir on səkkiz yaşında ikən özündən yeddi yaş böyük olan varlı fermer qızı Anna Heteveylə evlənib. Onların Süzan adlı bir qızı və əkiz oğlanları - Yudıf və Hamlet olub. 1586-cı ildə Şekspir Stratforddan Londona köçüb.
Şekspir bədii yaracılığa teatrda başlayıb. İlk əsərini 1590-cı ildə yazıb. Bu zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşıb, onun təşkil etdiyi ədəbi məclislərdə iştirak edib. Qraf Sauthemptonun evində Şekspir bir neçə ədib və aktyorla rastlaşıb, bura onun üçün ilk ədəbi məktəb olub. 1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə aşağı zadəgan rütbəsi də alıb. Şekspir 1612-ci ildə Stratforda qayıdıb və ömrünün axırına qədər burada yaşayıb. İngiltərədə Şekspirin həyatı, kimliyi, ailəsi və yaradıcılığı ilə əvvəl maraqlananlar olmuşsa da, onun bioqrafiyasını ilk dəfə Nikolas Rou yazıb. 1709-cu ildə o, Şekspirin altıcildlik əsərlərini hazırlayıb və bioqrafiyası ilə birlikdə çap etdirib. Tədqiqatçılar Şekspir yaradıcılığını, əsasən, üç dövrə bölürlər.
Yaradıcılığının birinci dövrü:
Bu dövrdə o, “Venera və Adonis”, “Lukresiya” poemalarını, sonetlərini, “VIII Henri” pyesindən başqa bütün tarixi dramlarını, “Tit Andronik”, “Romeo və Cülyetta”, “Yuli Sezar” faciələrini, bu dövr üçün xarakterik olan şən və nikbin “ Səhvlər komediyası”, “Şıltaq qızın yumşalması”, “İki veronalı əsilzadə”, “Məhəbbətin əbəs səyi”, “Yay gecəsində bir yuxu”, “Venesiya taciri”, “Vindzor cici-bacıları”, “Heç nədən hay-küy”, “Necə istəsəniz”, “On ikinci gecə və yaxud istədiyiniz kmi” komediyalarını yazıb.
Yaradıcılığının ikinci dövrü (1601-1608):
Bu dövrdə Şekspir, Şekspir tragik konfliktlər və qəhramanlardan bəhs edən faciələr yazıb: “Hamlet”, “Otella”, “Kral Lir”, “Maqbet”, “Antoni və Kleopatra”, “Karolian”, “Afinalı Timon”. Bu dövrdə yazılan komediyalar birinci dövrdəkilərdən fərqlənir. Burada artıq əvvəlki komediyalarda olan şən əhval, nikbinlik hiss olunmur. Əksinə, onlarda bir qədər tragik ünsürlər gözə çarpır: “Troil və Kressida”, “Tədbirə qarşı tədbir”, “Xeyirlə qurtaran hər iş yaxşı olar” və “Perikl”.
Yaradıcılığının üçüncü dövrü:
Üçüncü dövrdə “Simbelin”, “Quş nağılı” və “Fırtına” tragikomediyaları (1608-1612) yazılıb. Bu əsərlərdə fantaziya və alleqorizm özünü bürüzə verir. Bu dövrdə Şekspir mövcud reallıqdan uzaqda dayanmağa çalışmış, daha çox romantik düşüncə tərzinə meyillənib.
Şekspirin sonetləri İngiltərədə İntibah dövrün poeziyasında ən yüksək zirvəsini və dünya poeziyası tarixində dönüş mərhələsini təşkil edib. Bir şair kimi Şekspirin lirik dühası sonetlərdə özünü daha aydın göstərib. Ehtiraslar tərənnümçüsü, “ürək ustası” Şekspirin qüdrətli və parlaq istedadının məhsulu olan sonetlərində həyat hadisələrinə, insan ömrünə fəlsəfi baxış, hər şeyə qadir məhəbbətin əbədiliyi əsas motivlərdir. Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir. Onun sonetlərində məhəbbət və dostluq, vəfa və xəyanət, səmimilik və riyakarlıq kimi mövzular əksini tapıb. Şekspir sonetlərində təsvir olunan gözəl realdır, təbiidir; yalan təşbeh şairin poetikasına yaddır. Şekspir öz sonetlərində göstərir ki, həyatsevərlik, dostluq və sevgi insanın təbiətindən doğan keyfiyyətdir, məhvedici zaman onu poza bilməz. İnsan zamana öz qabiliyyəti, bacarığı ilə qalib gəlir. Gözəllik heç zaman ölmür. İnsanlar pisliklərə, eybəcərliklərə zorla tab gətirirdilər.
Görkəmli şəxsiyyətlər Vilyam Şekspir haqqında:
Şekspir nə üçün böyük şairdir? Çünki digər şairlərdən fərqli olaraq, onda daha çox həyatın həqiqəti var və daha az cəzb. (N.Q.Çernışevski)
Şekspir əsla mövcud olmayan bütün insanların ən məşhurudur. (M.Tven)
Biz, Ruslar, Şekspirin yaddaşını qeyd edirik və biz bunu qeyd etmək hüququna sahibik. Bizə görə, Şekspir yalnız böyük, parlaq bir ad deyil: o, bizim mülkümüz oldu, bizim bədənimizə və qana daxil oldu. (İ.S.Turqenev)
İntriqa ixtirası çətindir, çünki intriqa yalana əsaslanır, şairin işi isə həqiqətlədir. Şekspir xoşbəxtdir, o hazır əfsanələrdən istifadə edir və həyatın həqiqətlərini nağılın yalanlarına daxil etmişdir. (A.N. Ostrovski)
Şekspir həyata aşıq biri idi. O, həyatı heç kimin görmədiyi kimi görürdü. O, bütün pisləri və yaxşıları, keçmişi və gələcəyini görürdü. O, insanları dərindən hiss edir, bu insanların arzularını bilirdi, bu insanların içərisində olan hər şeyi, hər kəsin ürəyini görürdü. (A.V.Lunaçarski)
Şekspir necə də inanılmaz yazıçıdır. Özümə hələ də gələ bilmirəm. Əsərlərini oxuduqdan sonra başım fırlanır. Sanki uçuruma baxıram. (A.S.Puşkin)







