Son dəqiqə

Kim kimdir?

Al Paçino kimdir?

Bakı. TurkicWorld:

“Mən aktyoram, ulduz yox.

Ulduzlar Hollivudda yaşayanlardı.”

Bu sözlərin müəllifi, Amerika kino və teatr aktyoru Alfredo Ceyms “Al” Paçino 25 aprel 1940-cı ildə Nyu-Yorkda Manhettendə Roza və Salvador Paçinoların ailəsində doğulub. Valideynləri ayrılanda iki yaşı olan Paçino, anası ilə birgə nənə və babasının yanına köçüb. Paçino Nyu Yorkda məhşur İncəsənət İfaçılıq məktəbinə daxil olub. Dostlarının “Soni” deyə çağırdıqları bu gənc, professional beyzbolçu olmaq istəyib. Eyni zamanda həmyaşıdları onu başqa adla da çağırırdılar - “Aktyor”.

Alfredo dərslərinə heç cür həvəs göstərə bilməyib. Bu səbəblə də 17 yaşında məktəbdən qovulub. Bu səbəbdən anası ilə dalaşandan sonra o evi tərk edib. O, çox az bir əmək haqqı ilə ofisiant, poçtalyon işləməyə başlayıb. 10 yaşından artıq siqaret çəkən Alfredo 13 yaşında spirtli içkilər və marixuana qəbul etməyə başlayıb. Ancaq heç vaxt yüksək dozalı narkotik vasitələrdən istifadə etməyib, baxmayaraq ki, onun dostlarının çoxu məhz yüksək dozadan dünyalarını dəyişiblər.

“Nyu York Underground” teatrında çıxışlarından sonra o Hertbert Berqhofun “HB Studio”suna qoşulub. Burada o gələcək müəllimi və dostu Çarli Lautonla tanış olub. Bu dövrdə Alfredo nə bir işə, nə də bir evə malik idi. Bəzən küçədə, ya teatrda, ya da dostlarının evində gecələməli olurdu.

1966-ci ildə Al Paçino fasilələrlə davam edən uzun çalışmalardan sonra nəhayət ki, “Aktyor Studiyası”nın dinləmələrindən uğurla keçib. Bu, Manhettendə yerləşən professional aktyor, rejissor və dramaturqların toplandığı bir təşkilat idi. Uzun fəaliyyəti dövründə bu təşkilat incəsənətə bir çox məhşurlar bəxş edib. “Aktyor Studiyası”nda Al Paçino daha sonra “Xaç Atası 2”(Godfather II) filmində tərəf müqabili olacaq Li Strasberqin kurslarına yazılıb. Sonralar Al Paçino öz xatirələrində qeyd edib ki, bu studiya və Li Strasberq onun aktyor həyatında çox böyük rola malik olub. Hal hazırda Al Paçino Alan Börşteyn və Harvi Keytel ilə “Aktyor Studiyası”nın prezidentidir.

İlk epizodik rolunu “Aktyor studiyası”na qəbul olunduqdan sonra alıb. İlk debütunu isə 1969-cu ildə “Mən, Natali” (Me, Natalie) filmində, ilk böyük rolunu isə 1971-ci ildə Cerri Şatzberqin “Nidle parkda panika”(Panic In Needle Park) filmində narkoman rolunu oynamaqla alıb. Bu oyunundan sonra Frensis Ford Koppola onu görüb kəşf edib və özünün yeni filmi “Xaç atası”(Godfather) filmində Maykl Korleone roluna dəvət edib. Koppola Robert De Niro, Martin Şin, Ceyms Kaan, Robert Redford və başqa namizədlər arasından Al Paçinonu seçib. Nəticədə bu roluna görə Al Paçino ilk dəfə “Oskar” nominasiyasina namizəd olub, lakin o tədbiri boykot edib. Buna səbəb isə Marlon Brandonun filmdə ifası az olsa da, o ən yaxşı aktyor nominasiyasına, Al Paçino isə ikinci planda ən yaxşı aktyor nominasiyasina layiq görülməsi idi. Paçino mükafatı almadığına görə öz növbəsində Brando da fiquru götürməkdən boyun qaçırıb. 1974-cü ildə Al Paçino yenidən Maykl Korleone rolunda, “Xaç atası” filminin ikinci hissəsində rol alıb. Al Paçino üçüncü dəfə nominasiyaya namizəd olub, lakin mükafat almayıb.

1977-ci ildə Sidni Pollakin “Bobbo Derfild” (Bobby Deerfield) filmi Al Paçinonu “Qızıl Qlobus”a namizəd göstərsə də o, Riçard Bartona məğlub olub. Növbəti film “Qanun hər kəs üçün qanundur”(And Justice For All) dramı olub. Aktyorun oyunu kino tənqidçiləri tərəfindən tənqidlərə məruz qalsa da, onun dördüncü dəfə “Oskar”a ən yaxşı aktyor nominasiyasında namizədliyi irəli sürülüb, lakin bu dəfə də tale onu Dastin Hoffmana məğlub edib. Hansı ki, Dastin Hoffmanın rol aldığı bu film, “Kramer Kramerə qarşı” (Kramer vs. Kramer), vaxtilə Al Paçinoya təklif olunsa da, o, filmdə rol almaqdan imtina etmişdi. 80-cı illərin əvvəlləri aktyorun yaradıcılığında eniş dövrü olub.

Yalnız 1983-cü ildə o, film kariyerasında böyük yer alan bir filmdə oynamağa dəvət alıb. Brayn de Palma onun özünün “Çapıqlı üz” (Scarface) filmində narkobaron Toni Montana rolunu təsdiqləyib. İlk əvvəllər film çox tənqidə məruz qalsa da, sonradan ABŞ kinoteatrlarına 45 milyon dollar qazandıra bilib. Zaman keçdikcə Al Paçino bu filmin onun həyatında böyük rol oynadığını təsdiqləyib. Film “Qızıl Qlobus” nominasiyasına namizəd olub. Paçino bu dövrlərdə artıq teatra üz tutub və onun kinoya qayıdışı 1989-cu ildə “Sevgi dənizi” (Sea of Love) filmi ilə baş tutub. 1990-cı ildə altıncı dəfə “Oskar” nominasiyasına Vorren Bittinin “Dik Treysi” (Dick Tracy) filmindəki roluna görə namizəd görülüb. Bu film tamaşaçılar və tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılanıb. Elə həmin il “Xaç atası” filminin üçüncü hissəsinə çəkilməklə öz həyatının personajına qayıdıb. İlk iki film kimi bu filmi də uğur gözləyib. Lakin çəkiliş zamanı aktyorların bəziləri çəkilişə qədər artıq layihəni tərk etdiklərindən bir çox çətinliklərlə üzləşib bu film.

Nəhayət ki, Al Paçino 1992-ci ildə “Qadın ətri” (Scent of a Woman) filmində oynadığı Frenk Sleyd roluna görə ən yaxşı kişi aktyoru nominasiyasında “Oskar” mükafatını ala bilib.

Al Paçino üç övlad atasıdır. Heç vaxt evli olmayıb.

Al Paçinonun 10 ən yaxşı filmi:

1. "Xaç atası"

2. "Xaç atası-2"

3. “Xaç atası-3”

4. “İt günortası”

5. “Çapıqlı üz”

6. “Qadın ətri”

7. “Karlitonun yolu”

8. “Donni Brasko”

9. “Öz adamı”

10. “Döyüş”

Mövzuya görə xəbərlər