BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin hüquq sistemində mühüm kadr dəyişikliyi baş verib. 11 fevral 2026-cı il tarixli sərəncamla Türkiyənin yeni Ədliyyə naziri vəzifəsinə Akın Gürlek təyin edilib. 1982-ci ildə Nevşehirdə anadan olan Akın Gürlek 2005-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsini bitirib. Karyerası ərzində Türkiyənin müxtəlif bölgələrində hakimlik edən Gürlek, xüsusilə İstanbulda ağır cəza məhkəmələrinin sədri olduğu dövrdə qəbul etdiyi səs-küylü qərarlarla tanınıb.
Akın Gürlekin hakimlik fəaliyyəti Türkiyənin siyasi və hüquqi gündəmini formalaşdıran bir çox mühüm məhkəmə prosesləri ilə bağlıdır. O, İstanbul 26, 37 və 14-cü ağır cəza məhkəmələrinin sədri kimi Səlahəddin Demirtaş, Canan Kaftancıoğlu, Sırrı Süreyya Önder və bir çox tanınmış şəxslərin işlərinə baxıb. Həmçinin, o, "Sözcü" qəzeti və "Çağdaş Hüquqşünaslar Dərnəyi" (ÇHD) ilə bağlı məhkəmə proseslərində çıxardığı hökümlər ilə yadda qalıb.
Onun fəaliyyətində ən çox müzakirə olunan məqamlardan biri İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin sədri olarkən Konstitusiya Məhkəməsinin Enis Berberoğlu ilə bağlı verdiyi qərarı icra etməməsi olub. Bu addımına görə müxalifət liderləri tərəfindən kəskin tənqid edilən Gürlek, 2021-ci ildə birinci dərəcəli hakimliyə yüksəlib.
Daha sonra icraedici hakimiyyətdə təmsil olunan Akın Gürlek, 2022-ci ildən 2024-cü ilə qədər Ədliyyə nazirinin müavini vəzifəsində çalışıb. 2024-cü ilin oktyabrında İstanbul Cümhuriyyət Baş prokuroru təyin edilən Gürlek, cəmi iki il sonra – 2026-cı ilin fevralında Türkiyənin Ədliyyə naziri postuna gətirilib.



