Son dəqiqə

Türkiyə İstanbul Akın Gürlek

İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma - Ölənlər və yaralılar var

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İstanbulun Beşiktaş rayonunda, İsrail Konsulluğu yaxınlığında baş verən silahlı atışma nəticəsində 2 polis əməkdaşı yaralanıb, 3 şübhəlidən 2-si öldürülüb.

TurkicWorld xəbər verir ki, Levent məhəlləsi, Büyükdere küçəsində yerləşən diplomatik nümayəndəliyin ətrafında qəfil silah səsləri eşidilib. Hadisə yerinə dərhal çox sayda polis briqadası və təhlükəsizlik qüvvələri sövq edilib, ərazi nəzarətə götürülərək geniş təhlükəsizlik tədbirləri görülüb. Polis əməkdaşlarının müdaxiləsi zamanı 3 şübhəli zərərsizləşdirilib; onlardan ikisinin öldüyü, birinin isə ağır yaralı halda ələ keçirildiyi bildirilir. Yaralı polislər xəstəxanaya yerləşdirilib.

Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı sosial media hesabından açıqlama verərək, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən dərhal genişmiqyaslı təhqiqatın başladıldığını elan edib. Nazir qeyd edib ki, işin araşdırılması üçün bir baş prokuror müavini və iki cümhuriyyət prokuroru təyin edilib və onlar artıq hadisə yerində araşdırmalara başlayıblar.

Hazırda hadisənin başvermə səbəbləri və hücumun hədəfləri prokurorluğun koordinasiyası ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən çoxşaxəli şəkildə araşdırılır. Rəsmi qurumlar hadisənin bütün detalları ilə aydınlaşdırılacağını vurğulayıblar.

Mövzuya görə xəbərlər