Bakı. TurkicWorld:
Səidə Şavkat qızı Mirziyoyeva, 1984-cü il noyabrın 4-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində, siyasətçi Şavkat Mirziyoyev və Ziroatxan Mirziyoyevanın ailəsində anadan olub. Səidə Mirziyoyevanın Şahnozə adlı bacısı və Mirəlişir adlı qardaşı var.
O, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq üzrə bakalavr təhsili alıb. 2008-ci ildə Daşkənd Dövlət Hüquq Universitetində, hüquq ixtisası üzrə magistr dərəcəsi alıb. 2010-cu ildə Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Mirziyoyeva, 2010-cu ildən strategiya nəzəriyyəsi qaydaları əsasında milli, regional və konkret sektor strategiyaları üçün metodologiyaların işlənib hazırlanması və tətbiqi sahəsində tədqiqat və təkmilləşdirmə işləri ilə məşğuldur. O, Dövlət İdarəçilik Akademiyasında elmi işçi kimi çalışıb və Moskva Dövlət Universitetinin Strateji Araşdırmalar Mərkəzinin elmi işçisidir.
Səidə Mirziyoyeva sosial-iqtisadi proseslərin planlaşdırılması, qlobal və milli tendensiyaların dövlət və regional strategiyalara təsirinin qiymətləndirilməsi, eləcə də inkişafın təkmilləşdirilməsi sahəsində yerli təcrübənin və dünya təcrübəsinin təhlilinə həsr olunmuş bir sıra elmi nəşrlərin müəllifidir.
Mirziyoyeva, 2019-cu il aprelin 12-dən 2020-ci il yanvarın 29-dək İnformasiya və Kütləvi İnformasiya Vasitələri Agentliyinin direktor müavini vəzifəsində çalışıb. Agentliyin direktor müavini kimi o, İctimaiyyətlə Əlaqələr Mərkəzinin fəaliyyətini koordinasiya edib, dövlət və inzibati orqanlarda şəffaflıq məsələlərinə nəzarət edib və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin beş təşəbbüsü çərçivəsində layihələr həyata keçirib.
O, Agentlik ilə ifadə azadlığı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar arasında əlaqələrin qurulması istiqamətində fəal işləyib və Özbəkistanda medianın inkişafı məsələləri üzrə nümayəndə heyətlərinin tərkibində bir çox ölkələrə səfər edib.
Mirziyoyevanın himayəsi ilə görmə qüsurlu uşaqlara dəstək olmaq, Brayl əlifbası ilə çap olunmuş maarifləndirici, bədii, elmi və digər zəruri ədəbiyyatlarla təmin etmək məqsədi daşıyan “Könül gözü” layihəsinin fəaliyyəti genişləndirilib. Bundan əlavə, layihə çərçivəsində ölkənin mədəniyyət müəssisələrində inklüziv mühitin yaradılması üçün praktiki araşdırmalar aparılır və kinoteatrlarda Tiflo şərh sistemi tətbiq olunur.
Səidə Mirziyoyeva, 2020-ci il yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinə Dəstək və İnkişaf Milli İctimai Fondunun Himayəçilik Şurasının sədr müavini vəzifəsini icra edib. Yeni işə düzəldikdən sonra da “Könül gözü” layihəsinin həyata keçirilməsinə köməklik etməyə davam edib. O, kütləvi informasiya vasitələrinin inkişafında və Özbəkistanda ifadə azadlığının təmin edilməsi istiqamətində islahatların həyata keçirilməsində fəal iştirak edir.
Mirziyoyeva, 2019-cu ildən Gender Bərabərliyi Komissiyasının üzvüdür. 2020-ci ilin fevral ayında o, Dubay Qadınlar Təşkilatının ev sahibliyi etdiyi The Power of Influence Global Women's Forumunda iştirak edib.
Səidə Mirziyoyeva, Oybek Tursunovla evlidir və üç övladı var.
2022-ci ildən Səidə Mirziyoyeva Özbəkistan prezidenti Şavkat Mirziyoyevin köməkçisi təyin olunub və ölkədə prezidentin ən etibar elədiyi şəxs statusuna sahiblənib.
Aytac Süleymanova
Twitter: a_alieva_