Bakı. TurkicWorld:
İbrahim Kalın, 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurum İspirlidən olan bir ailənin övladı olaraq dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümündə bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.
O, Türkiyə Diyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzində akademik araşdırmalar aparıb, College of the Holy Cross, Georgetown Universitetində və Bilkent Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.
2005-2009-cu illərdə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun qurucu sədri olan Kalının 2007-ci ildə "İslam və Qərb" adlı kitabı nəşr olunub və bu əsəri ilə o, Türkiyə Yazarlar Birliyinin İdeya Mükafatını qazanıb.
Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam Lüğəti kimi ensiklopediyalara töhfə verib. Onun 2014-cü ildə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və dərketmə”, 2016-cı ildə isə "Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı kitabları nəşr olunub.
2011-ci ildə Əhməd Yəsəvi Universitetinin qəyyumlar şurasının üzvü təyin edilən Kalın, 2019-cu ildən bu yana İbn Haldun Universitetində İslam fəlsəfəsi sahəsində aspirantlara mühazirələr oxuyur.
O, 29 may 2020-ci ildə professor adını alıb.
2009-cu ildə, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilən Kalın, 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub.
2012-ci ildə Baş nazirlik müşaviri müavini vəzifəsini icra edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduqdan sonra prezidentin baş katibinin müavini vəzifəsinə təyin edilib.
2014-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən səfir titulu verilərək prezident sözçüsü təyin edilib.
2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində çalışıb.
Ailəlidir, 3 övladı var.