Bakı, TurkicWorld
PwC Azərbaycandakı şirkətlərə süni intellekt sahəsində konsultasiyalar təqdim edir.
Bu barədə TurkicWorld-ə özəl müsahibəsində PwC Azərbaycanın Məsləhət Xidmətləri departamentinin rəhbəri Fərid Qattal məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda əsas tendensiyalar süni intellektin telekommunikasiya, pərakəndə satış, maliyyə xidmətləri və dövlət sektorunda istifadəsi ilə bağlıdır.
"Bu sahələrdə böyük miqdarda məlumat bazası yaradılır və emal edilir. Perspektivlər qlobal tendensiyalarla uyğundur: bir çox şirkət süni intellekti gecikmələri azaltmaq və gəlirləri artırmaq üçün bir vasitə kimi görür. Bizim qlobal "Emerging Technologies Survey" araşdırmamıza əsasən, 55 faizdən çox şirkət süni intellektə investisiya qoymağı planlaşdırır, xüsusən də onun yaradıcı formalarına. Həmçinin, 80 faizdən çox təşkilat texnoloji həllərə xərcləri artırmağı düşünür", - F. Qattal əlavə edib.
O, Azərbaycan şirkətlərinin süni intellekti tətbiq edərkən üzləşdiyi unikal çağırışlardan da danışıb.
"Azərbaycan şirkətləri üçün əsas çağırışlar 'qurmaq yoxsa almaq' (build or buy) məsələsi ilə bağlıdır. Çox vaxt şirkətlər hazır həlləri, məsələn, SAP, IBM, Oracle və digər şirkətlərin məhsullarını satın almağı seçirlər. Lakin bu, baha başa gələn bir qərardır, çünki əksər məhsullar xaricdən alınır. Eyni zamanda, öz süni intellekt məhsulunu yaratmaq üçün ciddi resurslar tələb olunur ki, bunlar da yerli bazarda kifayət qədər deyil. Xüsusilə, ölkədə çox az olan təcrübəli suni intellekt mütəxəssisləri dəyərli hesab olunur", - departament rəhbəri bildirib.
F. Qattal, süni intellektin əsasən 3 istiqamətdə tətbiq edildiyini qeyd edib.
"Birincisi, rutin proseslərin avtomatlaşdırılmasıdır. Süni intellekt bunu ənənəvi robotlaşdırma üsullarından daha effektiv edir. İkincisi, adi analitik vasitələrdən əhəmiyyətli dərəcədə fərqlənən kognitiv analitikasına əsaslanan qərarların qəbul edilməsinə kömək edir. Burada, məlumatların çatışmazlığı və ya pis strukturlanması hallarında geniş analitikanın tətbiqi nəzərdə tutulur. Üçüncü istiqamət isə insan davranışını canlandıra bilən yaradıcı süni intellektin istifadəsidir; bu, müştəri dəstəyi, çat-botlar vasitəsilə ünsiyyət və digər qarşılıqlı əlaqələrdə özünü göstərir", - F. Qattal qeyd etdi.
O, PwC-nin süni intellektə uzaqgörən bir strategiya ilə yanaşdığını bildirib.
"Strateji səviyyədə bu texnologiyanın inkişafına 2 il ərzində 1 milyard dollardan çox investisiya qoymaq qərarı verilib. Bu, dünya üzrə, o cümlədən Azərbaycandakı ofisimizdə 65 mindən çox əməkdaşın təlimini planlaşdırdığımızı bildirir. Biz GPT-4 texnologiyasından həm daxili proseslərdə, həm də müştəri xidmətlərində istifadə üçün OpenAI ilə sıx əməkdaşlıq etməyi nəzərdə tuturuq. Süni intellekt xidmətlərimizi optimallaşdırmağa və onların effektivliyini artırmağa kömək edir. Eyni zamanda, süni intellektin harada və necə istifadə ediləcəyini tənzimləyən daxili siyasətlərin hazırlanması və yenilənməsi mühüm bir aspektdir", - o əlavə etdi.
Departament rəhbəri qeyd etdi ki, hazırda PwC biznes modelini yenidən nəzərdən keçirir.
"PwC 3 əsas istiqamətdə peşəkar xidmətlər göstərir: audit, vergi məsləhətləri və konsaltinq. Süni intellektin tətbiqi xidmətlərin dəyəri və sürətinin anlayışını dəyişib. Biz süni intellektin tətbiqindən əvvəl istifadə olunan normativləri və kalkulyasiya metodlarını yenidən nəzərdən keçiririk. Eyni zamanda, süni intellekt yeni məhsul və xidmətlərin hazırlanması üçün imkanlar açır ki, bu da strategiyamızın bir hissəsinə çevrilir", - F. Qattal vurğuladı.
Onun sözlərinə görə, PwC süni intellektin tətbiqi üçün ən böyük potensialı audit və vergi məsləhətləri sahəsində görür.
"Bir neçə il əvvəl proqnozlaşdırılmışdı ki, mühasib peşəsi yox ola bilər. Süni intellekt artıq indi mühasibat və vergi xidmətlərini daha effektiv etməyə kömək edir ki, bu da bizim kimi şirkətlər üçün mühüm bir vəzifəyə çevrilir", - o, əlavə etdi.
F. Qattal, süni intellektin tətbiqi üçün şirkətin hazırlığını əsas çağırışlardan biri kimi qeyd etdi.
"Bu, 3 əsas aspekti əhatə edir: süni intellektin öyrənilməsi və analizi üçün lazım olan məlumatların mövcudluğu; mütəxəssislər və maliyyə resurslarının olması; həmçinin süni intellektin necə və harada istifadə edilə biləcəyini tənzimləyən siyasət və qanunvericilik normalarının mövcudluğu. Məsələn, hüquq sahəsində süni intellektin məhkəmə işlərini analiz etmək məqsədilə istifadəsi hələ icazə verilmir", - deyə o əlavə etdi.
Fərid Qattal, PwC-nin süni intellekti korporativ mədəniyyətə və risklərin idarə olunmasına inteqrasiya etməklə bağlı çağırışların öhdəsindən necə gəldiyini açıqlayıb.
"Risklərin idarə olunması süni intellektin istifadəsinə dair aydın siyasətlərin hazırlanmasını əhatə edir. Biz süni intellektin harada və necə tətbiq oluna biləcəyini tənzimləmək üçün prosedurlarımızı yeniləyirik. Eyni zamanda, risk siyasəti, HR siyasəti və mühasibat standartları da yenilənir. İkinci mühüm aspekt isə əməkdaşların təlimidir. Süni intellektin tətbiq olunması qərarı verildikdən sonra, biz bütün iştirakçıları istifadə olunan texnologiyalar və onların gələcək inkişafı barədə məlumatlandırmaq üçün proses təşkil etdik", - o əlavə edib.