Bakı,TurkicWorld
PwC şirkəti karbon emissiyalarının azaldılması çətin olan sənayelər üçün xalis sıfır hədəfə nail olunması yollarını müzakirə etmək məqsədilə Azərbaycanın polad, sement, tikinti və enerji sektorlarından olan aparıcı ekspertləri bir araya gətirərək dekarbonizasiya mövzusunda mühüm sessiya keçirib. Tədbirdə "Baku Steel Company"nin istehsalat direktoru Celal Öven, "NORM Cement" şirkətinin dayanıqlı inkişaf üzrə meneceri Elmar Məmmədov, "PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşov və "SOCAR"-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev də daxil olmaqla görkəmli natiqlər çıxış ediblər. Onlar Azərbaycanda karbon emissiyası yüksək olan sənayelərin üzləşdiyi çətinlikləri və imkanları nəzərdən keçiriblər.
"PwC Türkiyə"-nin partnyoru Dr. Akif Kocanın moderatorluğu ilə keçirilən panel müzakirəsində dekarbonizasiyaya kompleks yanaşmanın zəruriliyindən bəhs edilib. "Yaşıl iqtisadi modelə keçidə nail olmaq bizdən xammal və istehsal proseslərindən məhsul dizaynına və bazara hazırlığa qədər bütün dəyər zəncirini nəzərdən keçirməyi tələb edir" deyə Dr. Akif Koca bildirib. O vurğulayıb ki, bu transformasiya dayanıqlı inkişafı təmin etmək üçün logistika, təkrar emal və istehsal kimi aspektlərin səmərəliliyinin artırılmasına yönəlmiş dairəvi iqtisadiyyat perspektivini özündə ehtiva etməlidir. Dr. Kocanın sözlərinə görə, "yaşıl" keçid aparıcı yaşıl şirkətlər və yüksək karbon emissiya edən sənayelər arasında strateji rəqabət yolu ilə inkişaf edəcək uzunmüddətli bir prosesdir.
Sessiya zamanı bərpa olunan enerji, alternativ yanacaq növləri, elektrikləşdirmə, karbon tutma və rəqəmsal həllərin tətbiqi də daxil olmaqla bir sıra karbonsuzlaşdırma üsulları daha dərindən təhlil edilib. Süni intellekt, peyk monitorinqi və dronlar kimi inkişaf etməkdə olan texnologiyalar karbon emissiyalarının izlənilməsi və azaldılması üçün effektiv vasitələr kimi vurğulanıb ki, bu da onların dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda artan rolunu nümayiş etdirir.
Günay Əsgərova, PwC-nin Baş Meneceri şirkətlərə ESG profilini daha real qiymətləndirməyə kömək edə biləcək sənaye normaları və hesabatlılıq standartlarına dair praktiki məsləhətlər verməklə sessiyanı yekunlaşdırıb. O, şirkətin dekarbonizasiya məqsədlərinə çatmaqda əsaslandırılmış qərarların dəstəklənməsi üçün hesabatlılıq çərçivələrinin, iqlim dəyişmələri ilə bağlı risklərin və imkanların, müvaiq maliyyə açıqlamalarının və məlumatların keyfiyyətinin vacibliyini vurğulayıb.
"COP29" çərçivəsində keçirilən bu sessiya PwC-nin sektorlararası əməkdaşlığı təşviq etmək və sənaye liderlərini dayanıqlı inkişafla bağlı dəyişiklikləri idarə etmək üçün lazım olan bilik və resurslarla təmin etməyə önəm verdiyini bir daha nümayiş etdirib. Müzakirələr zamanı PwC-nin yaşıl keçidlə bağlı çoxşaxəli baxışından bəhs edilib və şirkətlərin iqtisadi prioritetləri ilə ekoloji məqsədlərinin balanslaşdırılmasının vacibliyi qeyd olunub.
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: