Türkmənistan prezidenti BMT rəsmisini qəbul edib

Türkmənistan prezidenti BMT rəsmisini qəbul edib

Bakı. TurkicWorld:

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, BMT-nin Mərkəzi Asiyada Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri kimi missiyasını başa vuran Natalya Germanı qəbul edib.

TurkicWorld-un məlumatına görə, prezident Berdiməhəmmədov səmərəli fəaliyyətinə və Türkmənistan ilə BMT arasında əməkdaşlığın inkişafına verdiyi şəxsi töhfəsinə görə Natalya Germana təşəkkür edib.

O, həmçinin, Germanı BMT-nin Terrorla Mübarizə Komitəsinin İcraçı Direktorluğu vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, bu vəzifədə ona uğur və nailiyyətlər arzulayıb.

“Preventiv diplomatiya sülh və təhlükəsizlik üçün potensial təhdidlərin müəyyən edilməsində və aradan qaldırılmasında dövlətlərə kömək etmək üçün çox aktual və tələb olunan vasitə olaraq qalır”, - deyə Türkmənistan prezidenti qeyd edib.