Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın 12 illik prezidentlik dönəmi: Türkiyə hansı dəyişikliklərdən keçdi?

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalq tərəfindən ilk dəfə prezident seçildiyi 10 avqust 2014-cü ildən etibarən bu vəzifədə 12 ili geridə qoyub. Bu müddət ərzində Türkiyədə idarəetmə sistemi dəyişib, Ərdoğan isə 2018 və 2023-cü illərdə keçirilən prezident seçkilərində yenidən qalib gəlib.

TurkicWorld xəbər verir ki, 2007-ci ildə prezidentin birbaşa xalq tərəfindən seçilməsini nəzərdə tutan konstitusiya dəyişikliyindən sonra Türkiyə vətəndaşları 10 avqust 2014-cü ildə ilk dəfə prezident seçmək üçün səsverməyə gediblər. Ərdoğan seçkidə səslərin 51,79 faizini toplayaraq Türkiyə Cümhuriyyətinin 12-ci prezidenti seçilib.

2017-ci il aprelin 16-da keçirilən referendumla Türkiyədə Prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri təsdiqlənib. Səsvermədə seçicilərin 51,41 faizi dəyişikliklərin lehinə, 48,59 faizi isə əleyhinə səs verib. Dəyişikliklər 2017-ci il aprelin 27-də rəsmi nəticələrin dərc olunmasından sonra qüvvəyə minib.

Yeni idarəetmə sistemi çərçivəsində ilk prezident və parlament üzvlərinin seçilməsi 24 iyun 2018-ci ildə keçirilib. Altı namizədin iştirak etdiyi prezident seçkisində Ərdoğan qalib gəlib və yeni sistemin ilk prezidenti olub. O, 9 iyul 2018-ci ildə and içdikdən sonra yeni hökumət sisteminin ilk Nazirlər Kabinetini formalaşdırıb.

2023-cü ildə ikinci müddət

Prezident seçkilərinin növbəti mərhələsi 2023-cü ildə keçirilib. Mayın 14-də baş tutan ilk turda Ərdoğan 49,52 faiz səslə ən çox səs toplayıb, lakin 50 faizlik həddi keçə bilməyib.

İkinci tur mayın 28-də keçirilib. Ərdoğan 52,16 faiz səslə, 27 milyon 725 min 131 səs toplayaraq yenidən prezident seçilib. Kamal Kılıçdaroğlu isə 47,84 faiz səs alıb.

Beləliklə, Ərdoğan 10 avqust 2014-cü ildə prezident seçildiyi gündən etibarən dövlət başçısı kimi 12 ili tamamlayıb.

Xarici siyasət və müdafiə sənayesi

Bu dövr ərzində Türkiyə xarici siyasətdə xüsusilə Qəzza müharibəsi, Rusiya–Ukrayna müharibəsi və İsrail–ABŞ ilə İran arasındakı qarşıdurma kimi regional böhranlarla bağlı intensiv diplomatik fəaliyyət həyata keçirib.

Ankara Azərbaycanın Qarabağ müharibəsindəki mövqeyini də fəal şəkildə dəstəkləyib və Azərbaycanın qələbəsindən sonra regiondakı proseslərdə mühüm tərəflərdən biri olaraq çıxış edib.

Ölkə daxilində isə 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması əsas gündəliklərdən birinə çevrilib. Məlumata görə, zəlzələ bölgəsində 455 mindən çox müstəqil yaşayış və digər təyinatlı bölmənin tikintisi başa çatdırılıb.

Eyni zamanda, Türkiyə müdafiə sənayesində istehsal və ixrac imkanlarını genişləndirərək qlobal müdafiə sənayesində mühüm istehsalçılardan birinə çevrilib.

Türkiyədə NATO sammiti

Türkiyənin ev sahibliyi ilə 7–8 iyul tarixlərində Prezident Kompleksində NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı keçirilib. Zirvə çərçivəsində Ərdoğan NATO-ya üzv 32 ölkənin lideri ilə müxtəlif ikitərəfli görüşlər keçirib.

Avqustun 7-də isə Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişini imzalayıb.

Məkkə Birgə Müdafiə Sazişi üç ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsini, kollektiv çəkindirmə imkanlarının artırılmasını və regional sabitliyə töhfə verməyi nəzərdə tutur.

“Terrorsuz Türkiyə” prosesi

Ərdoğanın prezidentliyi dövründə təhlükəsizlik və daxili siyasətdə əsas istiqamətlərdən biri də “Terrorsuz Türkiyə” prosesi olub.

Bu çərçivədə Türkiyə Böyük Millət Məclisində “Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası” yaradılıb. Komissiya proseslə bağlı fəaliyyətə başlayıb.

Avqustun 8-də isə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanan “Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Ədalət Komissiyasında qəbul edilib.

Mövzuya görə xəbərlər