Son dəqiqə

Azərbaycan Bakı Azərkosmos telekommunikasiya CEPT

Bakı daha bir beynəlxalq telekommunikasiya tədbirinə ev sahibliyi edib

BAKI,TurkicWorld

Azərbaycan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransından (WTDC) sonra telekommunikasiya sahəsində daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. Sentyabrın 14-dən 18-dək Bakıda Avropa Poçt və Telekommunikasiya Administrasiyaları Konfransının (CEPT) Konfransa Hazırlıq Qrupunun B layihə komandasının (CPG PTB) növbəti görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, beş günlük tədbir AZCON Holdinq şirkətlərindən olan Azərkosmosun təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub.

Görüşün əsas məqsədi 2027-ci ildə keçiriləcək Ümumdünya Radiorabitə Konfransına hazırlıq çərçivəsində kosmik və peyk rabitəsi ilə bağlı gündəlik məsələləri müzakirə etmək olub.

Tədbir zamanı radiotezlik spektrindən səmərəli və əlaqələndirilmiş istifadəyə dair yanaşmalar nəzərdən keçirilib. Eyni zamanda CEPT-ə üzv ölkələrin bu sahədə ortaq mövqelərinin formalaşdırılmasına töhfə verəcək məsələlər müzakirə olunub.

Görüşdə Avropa ölkələrinin telekommunikasiya və tənzimləyici qurumlarını təmsil edən ekspertlər iştirak ediblər. Müzakirələrdə peyk rabitəsi xidmətləri üçün tezlik diapazonlarından istifadə, mövcud və yeni nəsil peyk sistemlərinin fəaliyyəti və tezliklərin müxtəlif ölkələr və sistemlər arasında əlaqələndirilməsi məsələləri diqqət mərkəzində olub.

Ekspertlər həmçinin rabitə siqnallarına zərərli maneələrin qarşısının alınması, radiotezlik spektrinin səmərəli idarə edilməsi və peyk resurslarından düzgün istifadə ilə bağlı texniki və tənzimləyici məsələləri nəzərdən keçiriblər.

Tədbirin keçirilməsi Azərbaycanın kosmik və telekommunikasiya sahələrində beynəlxalq əməkdaşlıq platformalarından birinə çevrilməsi baxımından da əhəmiyyət daşıyıb. Bakıdakı görüş çərçivəsində iştirakçılar arasında texniki məsələlərlə yanaşı, gələcək beynəlxalq radiotezlik siyasəti üzrə fikir mübadiləsi aparılıb.

Proqram çərçivəsində tədbir iştirakçıları üçün sosial turlar da təşkil olunub. Xarici qonaqlar səfərlər zamanı Azərbaycanın mədəniyyəti, tarixi və milli irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Mövzuya görə xəbərlər