Son dəqiqə

Milli Məclis Zahid Oruc İnsan Hüquqları Komitəsi Payız sessiyası Dövlət xidmətləri

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib

BAKI,TurkicWorld

Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası sentyabrın 21-də keçirilib. İclasda komitənin ötən sessiyalarda gördüyü işlərə dair hesabat təqdim olunub, qarşıdakı dövr üçün iş planı müzakirə edilib və qanun layihəsinə baxılıb.

TurkicWorld xəbər verir ki, iclası açan komitə sədri Zahid Oruc komitə üzvlərini yeni sessiyanın başlanması münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ölkədə bayram əhval-ruhiyyəsinin yaşandığını qeyd edərək, bu tarixin Azərbaycanın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Zahid Oruc bildirib ki, 20 sentyabr tarixi Azərbaycanın dövlət suverenliyinin tam bərpasını simvolizə etməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıcı kimi də mühüm məna daşıyır.

Daha sonra komitənin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat təqdim olunub. Bildirilib ki, ötən sessiyalar zamanı komitənin 19 iclası keçirilib, 31 məsələyə baxılıb və 9 qanun layihəsi müzakirə olunub.

Hesabatda qeyd olunub ki, yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 453 ərizə, məktub və digər müraciət daxil olub. Müraciətlərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Komitə sədri və üzvlərinin seçicilərlə mütəmadi görüşlər keçirdiyi, vətəndaşların müraciətlərini dinlədiyi və qaldırılan məsələlərin həlli istiqamətində iş apardığı bildirilib. Deputatların ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etdiyi qeyd olunub.

İclasda İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi də təqdim edilib. Qarşıdakı sessiyada komitəyə daxil olan qanun layihələrinin müzakirəsi ilə yanaşı, dezinformasiya və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi ilə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur.

İş planında inzibati qərarların icrası, əlilliyi olan şəxslərin xidmətlərə fiziki və rəqəmsal əlçatanlığının artırılması, şəhid ailələri və qazilərin sosial və hüquqi təminatları ilə bağlı məsələlər də əksini tapıb.

Gündəlikdə yer alan qanun layihəsi barədə məlumat verən Zahid Oruc bildirib ki, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan layihə uyğunlaşdırma xarakteri daşıyır.

Onun sözlərinə görə, layihə dövlət xidmətlərinin həyata keçirilməsinin daha səmərəli təşkil olunması və mövcud hüquqi normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Müzakirələr zamanı komitə sədrinin müavini Arzuxan Əlizadə, komitə üzvləri Razi Nurullayev, Hikmət Məmmədov, Naqif Həmzəyev, Sevil Mikayılova, Azər Allahverənov, Səyyad Aran, Vüqar Rəhimzadə, Elman Nəsirov və Mircəlil Qasımlı çıxış ediblər.

Deputatlar dövlət xidmətlərinə əlçatanlığın artırılması, icbari tibbi sığortanın tətbiqində özəl tibb müəssisələrinin imkanlarından daha geniş istifadə olunması, şəhid ailələrinin və digər vətəndaşların sosial müdafiəsi, regionların sosial-iqtisadi və investisiya baxımından cəlbediciliyinin artırılması, eləcə də Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda komitənin 2026-cı ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlər qənaətbəxş hesab edilib. Payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib, gündəlikdəki qanun layihəsinin isə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.

Tədbirdə deputat Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər də iştirak ediblər.

Xülasə

Milli Məclisin İnsan hüquqları komitəsi 2026-cı ilin payız sessiyasındakı ilk iclasında hesabatı və yeni iş planını təsdiqləyib, qanun layihəsini plenar iclasa tövsiyə edib.

Mövzuya görə xəbərlər