BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Trampın açıqlamaları Vaşinqton və Ankara arasında müdafiə sahəsində əməkdaşlığın genişlənəcəyi ilə bağlı gözləntiləri artırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə F-35 qırıcılarının təhvil verilməsi və sanksiyaların ləğvi ilə bağlı müsbət nəticələr gözlədiyini bildirib.
TurkicWorld xəbər verir ki, Tramp Türkiyə ilə münasibətlərin qarşılıqlı etimada və özü ilə Ərdoğan arasındakı şəxsi münasibətlərə əsaslandığını deyib. Onun sözlərinə görə, bu səbəbdən Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların qüvvədə saxlanılması üçün əsas görmür.
Məlumata görə, tərəflər Türkiyənin əvvəlcədən ödəniş etdiyi F-35 qırıcılarının təhvil verilməsini, həmçinin Türkiyənin hazırladığı KAAN döyüş təyyarəsi üçün mühərrik təminatını da müzakirə edirlər. Tramp administrasiyası sanksiyaların ləğvini və F-35 qırıcılarının təhvil verilməsi məsələsini yenidən nəzərdən keçirir. Ərdoğan isə indiyədək ən azı beş təyyarənin veriləcəyinə dair vəd aldığını bildirib.
Bununla yanaşı, ABŞ-də bu mümkün razılaşmaya qarşı çıxanlar da var. Pentaqon beşinci nəsil döyüş təyyarələrinin texnologiyalarının Rusiyanın əlinə keçə biləcəyi ilə bağlı narahatlığını ifadə edir. Eyni zamanda, İsrail və regiondakı bəzi digər ölkələr NATO-nun ikinci ən böyük ordusuna malik olan Türkiyənin yeni silahlarla daha da güclənməsinin bölgədə qüvvələr balansına təsir göstərə biləcəyini düşünürlər.







