Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan

Ərdoğan Bakı Enerji Həftəsinə müraciət ünvanlayıb

BAKI,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı Enerji Həftəsinin açılış mərasiminə videomüraciət göndərib.

TurkicWorld bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, prezidentin mesajını Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

Rəcəb Tayyib Ərdoğan müraciətində bildirib ki, regionda baş verən son hadisələr Türkiyə və Azərbaycanın enerji sahəsində atdığı addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha təsdiqləyir. O vurğulayıb ki, vaxtilə region üçün yalnız xəyal hesab edilən bir çox iri enerji layihələri Azərbaycanla əməkdaşlıq çərçivəsində uğurla reallaşdırılıb.

Türkiyə lideri Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP kimi strateji boru kəməri layihələrinin əhəmiyyətinə toxunaraq, "Azəri–Çıraq–Günəşli" və "Şahdəniz" layihələri vasitəsilə iki ölkə arasında enerji əməkdaşlığının daha da dərinləşdiyini qeyd edib.

Ərdoğan Türkiyə və Azərbaycanın "Şəfəq-Asiman" yatağında başladığı yeni tərəfdaşlığın əməkdaşlığın davamlı inkişafının növbəti göstəricisi olduğunu bildirib. O, ötən il istifadəyə verilən İğdır–Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Prezident Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilməsi planlaşdırılan "Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti" layihəsinin regionun enerji təhlükəsizliyinə əlavə dəstək verəcəyinə ümid etdiyini də ifadə edib.

Mesajında Suriyaya qaz tədarükü məsələsinə də toxunan Ərdoğan qeyd edib ki, ötən ilin avqustunda Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz nəqli bu ölkənin bərpası və regional sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu bildirən Türkiyə Prezidenti, həmçinin Qazaxıstanın enerji resurslarının Qərb bazarlarına çatdırılmasında Bakı–Tbilisi–Ceyhan kəmərindən istifadənin artdığını diqqətə çatdırıb.

Ərdoğan vurğulayıb ki, Türkiyə enerji siyasətində bərpa olunan və yaşıl enerji mənbələri də daxil olmaqla bütün istiqamətlərdə səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürür.

O əlavə edib ki, Türkiyə qlobal iqlim fəaliyyətində öncül ölkələrdən biri olmaq əzmini bu ilin 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək COP31 İqlim Sammitinə ev sahibliyi etməklə bir daha nümayiş etdirəcək.

Sonda Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçı ölkələr və bütövlükdə region üçün faydalı nəticələr verməsini arzulayıb.

Mövzuya görə xəbərlər