Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı vizasız gediş-gəliş rejimi

Türkiyə və Səudiyyə Ərəbistanı arasında vizasız gediş-gəliş qüvvəyə mindi: Kimlər bu imkandan yararlana biləcək?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında diplomatik və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza tələbinin ləğv edilməsini nəzərdə tutan saziş rəsmi şəkildə qüvvəyə minib. Yeni qərar iki ölkə arasında diplomatik əlaqələrin və qarşılıqlı səfərlərin daha da asanlaşdırılmasına yönəlib.

Saziş 2026-cı il mayın 6-da Ankarada imzalanıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqləndikdən sonra rəsmi dövlət nəşrində dərc edilərək qüvvəyə minib.

Yeni razılaşma Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik və xüsusi pasport sahiblərinin qarşılıqlı şəkildə viza öhdəliyindən azad edilməsini nəzərdə tutur. Tərəflər arasında əldə olunan sənəd 12 maddədən ibarətdir və qarşılıqlı prinsip əsasında hazırlanıb.

Sazişə əsasən, hər iki ölkənin diplomatik və xüsusi pasport daşıyan vətəndaşları digər tərəfin ərazisinə vizasız daxil ola, tranzit keçə, ölkədən çıxa və müvəqqəti qala biləcəklər. Bu hüquq hər 180 günlük dövr ərzində maksimum 90 gün müddətinə şamil ediləcək.

Sənədə görə, vizasız səfər imkanından istifadə etmək üçün pasportun ölkəyə giriş zamanı ən azı altı ay etibarlılıq müddətinin qalması tələb olunur.

Razılaşmada qeyd edilir ki, 90 gündən artıq qalmaq istəyən şəxslər müvafiq qaydada viza üçün müraciət etməlidirlər. Eyni zamanda, vizasız rejimdən istifadə edən şəxslərin qəbul edən ölkənin qanunvericiliyinə əməl etməsi məcburidir.

Sazişə əsasən, diplomatik və xüsusi pasport sahibləri vizasız giriş hüququ əldə etsələr də, işləmək, təhsil almaq, elmi araşdırma aparmaq, peşə hazırlığı keçmək və ya ailə birləşməsi məqsədilə ölkədə qalmaq istəyən şəxslər üçün milli qanunvericiliyə uyğun xüsusi vizalar tələb olunacaq.

Yeni qaydalara görə, vətəndaşlar yalnız beynəlxalq sərnişin daşımaları üçün müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən istifadə etməklə digər ölkəyə daxil ola və ya onu tərk edə biləcəklər.

Sazişdə diqqət çəkən məqamlardan biri də həcc və ümrə ziyarətləri ilə bağlıdır. Sənədə əsasən, Türkiyə vətəndaşlarının həcc və ya ümrə məqsədilə Səudiyyə Ərəbistanına səfərləri bu vizasız rejimin əhatə dairəsinə daxil edilmir. Bu məqsədlə səfər edən şəxslər əvvəlki qaydada xüsusi dini ziyarət vizası almalı olacaqlar.

Tərəflər həmçinin rəsmi səfərlərlə bağlı diplomatik kanallar vasitəsilə əvvəlcədən qarşılıqlı koordinasiya aparmaq barədə razılığa gəliblər.

Razılaşma çərçivəsində tərəflər diplomatik və xüsusi pasport nümunələrini 30 gün ərzində qarşılıqlı şəkildə təqdim etməli, gələcəkdə pasport formalarında dəyişiklik olarsa, bu barədə diplomatik kanallarla məlumat verməlidirlər.

Sazişdə pasportun itirilməsi və ya zədələnməsi halları da ayrıca tənzimlənib. Belə hallarda vətəndaşlar öz ölkələrinin diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilmiş yeni sənədlərlə ölkədən çıxış edə biləcəklər.

Bundan başqa, xəstəlik, təbii fəlakət və digər fövqəladə hallar səbəbindən müəyyən edilmiş müddətdə ölkəni tərk edə bilməyən şəxslər qalma müddətinin uzadılması üçün aidiyyəti qurumlara müraciət etmək hüququ əldə edəcəklər.

Sənəd informasiya təhlükəsizliyi ilə bağlı müddəaları da ehtiva edir. Tərəflər arasında mübadilə olunan məlumat və sənədlər yalnız nəzərdə tutulan məqsədlər üçün istifadə ediləcək və qarşı tərəfin yazılı razılığı olmadan üçüncü tərəflərə ötürülməyəcək.

Razılaşmaya əsasən, hər iki ölkə milli təhlükəsizlik, ictimai asayiş, ictimai sağlamlıq və ya təbii fəlakət kimi səbəblərlə sazişin tətbiqini tam və ya qismən dayandırmaq hüququna malik olacaq. Belə qərar diplomatik kanallar vasitəsilə qarşı tərəfə yazılı şəkildə bildirildikdən dərhal sonra qüvvəyə minəcək.

Tərəflər arasında sazişin tətbiqi və ya şərhi ilə bağlı yarana biləcək fikir ayrılıqları məhkəmə instansiyalarına çıxarılmadan, diplomatik danışıqlar yolu ilə həll ediləcək.

Saziş ilkin olaraq beş il müddətinə qüvvədə olacaq. Əgər tərəflərdən biri müddətin başa çatmasına ən azı altı ay qalmış sənədi ləğv etmək və ya yeniləməmək niyyətini yazılı şəkildə bildirməzsə, razılaşma avtomatik olaraq növbəti beşillik dövr üçün uzadılacaq.

Sənəd 2026-cı il mayın 6-da Ankarada türk, ərəb və ingilis dillərində iki nüsxədə imzalanıb. Mətnlər eyni hüquqi qüvvəyə malik olsa da, hər hansı şərh fərqi yarandığı halda ingilis dilli mətn əsas götürüləcək

Mövzuya görə xəbərlər