BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin paytaxtında genişmiqyaslı yenidənqurma və modernləşdirmə işlərindən sonra Ankara Hava Limanı rəsmi olaraq istifadəyə verilib. Səkkiz ay ərzində tamamlanan layihə çərçivəsində hava limanı beynəlxalq standartlara uyğunlaşdırılıb və genişgövdəli təyyarələrin qəbuluna hazır vəziyyətə gətirilib.
Açılış mərasimində Türkiyə Prezidenti Recep Tayyip Erdoğan iştirak edib. Dövlət başçısı hava limanına ilk eniş edən şəxs olub və tədbirdə geniş nitqlə çıxış edib.
Prezident çıxışında layihənin ölkə, aviasiya sektoru və paytaxt Ankara üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq tikinti prosesində iştirak edən bütün qurumlara, mühəndislərə, memarlara və işçilərə təşəkkürünü bildirib.
Ərdoğan qeyd edib ki, 2026-cı il Türkiyə üçün müxtəlif sahələrdə mühüm beynəlxalq tədbirlərin keçirildiyi və yeni hədəflərin reallaşdırıldığı bir dövr kimi yadda qalır.
Onun sözlərinə görə, ölkə “Türkiyə Yüzili” hədəflərinə doğru irəliləyir və bu yolda həyata keçirilən iri infrastruktur layihələri strateji əhəmiyyət daşıyır.
Prezident Ankara şəhərinin son illərdə beynəlxalq diplomatiya baxımından rolunun əhəmiyyətli dərəcədə artdığını da vurğulayıb.
“Türkiyə qlobal siyasətdə daha böyük çəki qazandıqca Ankaraya gələn xarici nümayəndə heyətlərinin sayı da artır. Ankara artıq beynəlxalq diplomatiyanın ürəyinin döyündüyü mərkəzlərdən birinə çevrilməyə başlayıb”, – deyə dövlət başçısı bildirib.
Ərdoğan həmçinin paytaxtın əhali artımı, sənaye potensialı və beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarının yeni nəqliyyat və aviasiya layihələrini zəruri etdiyini qeyd edib.
Layihə çərçivəsində hava limanının uçuş-enmə zolağı əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəllər 2 450 metr uzunluğunda və 42 metr enində olan zolaq 3 min metr uzunluğa və 60 metr enə çatdırılıb. Bu dəyişiklik sayəsində iri sərnişin və yük təyyarələrinin təhlükəsiz eniş və qalxışı mümkün olacaq.
Bundan başqa, ümumi sahəsi 160 min kvadratmetr olan yeni perron tikilib. Yeni infrastruktur eyni vaxtda təxminən 44 təyyarənin park edilməsinə imkan verir.
Layihə çərçivəsində taksi yolları tamamilə yenilənib, əlavə paralel və birləşdirici yollar inşa olunub. Uçuş təhlükəsizliyinin artırılması məqsədilə müasir təhlükəsizlik sistemləri, işıqlandırma avadanlıqları və istiqamətləndirmə qurğuları quraşdırılıb.
Hava limanında 4 800 kvadratmetrlik dövlət qonaq evi və 310 avtomobil üçün açıq dayanacaq da istifadəyə hazır vəziyyətə gətirilib. Eyni zamanda bütün əməliyyat sistemləri vahid rəqəmsal idarəetmə şəbəkəsinə inteqrasiya olunub.
Layihənin mühüm hissələrindən biri də hava limanı ilə Ay-Ulduz Kompleksi arasında birbaşa əlaqə yaradan 12,5 kilometrlik yeni avtomobil yolunun tikintisi olub. Yolun üç kilometrlik hissəsində körpü və yeraltı keçidlər inşa edilib.
Yeni nəqliyyat infrastrukturu xüsusilə Türkiyənin ev sahibliyi edəcəyi NATO Zirvəsi zamanı paytaxtdakı hərəkətin daha səmərəli idarə olunmasına imkan verəcək.
Ərdoğan çıxışında son 23 ildə ölkədə həyata keçirilən infrastruktur layihələrinə də toxunaraq hökumətin bundan sonra da nəqliyyat, aviasiya və logistika sahələrində investisiyaları davam etdirəcəyini bildirib.
Ankara Hava Limanının istifadəyə verilməsi ilə paytaxtın hava nəqliyyatı imkanlarının genişlənməsi, beynəlxalq tədbirlər zamanı yükün bölüşdürülməsi və şəhərdaxili nəqliyyat sıxlığının azaldılması nəzərdə tutulur.




