Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul Qəzza Yaxın Şərq

İstanbulun fəthindən ilham alaraq yeni zəfərlərə imza atacağıq - Ərdoğan

BAKI,TurkicWorld Orxan Qədirzadə

Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Türkiyənin yeni uğurlara və zəfərlərə doğru irəliləyəcəyini bildirib.

İstanbulda yerləşən Haliç Konqres Mərkəzində təşkil olunan “İstanbulun fəthindən könüllərin fəthinə” adlı proqramda çıxış edən Türkiyə Prezidenti qeyd edib ki, İstanbulun fəthi yalnız hərbi qələbə deyil, həm də böyük sivilizasiya dönüşü olub.

Ərdoğan bildirib ki, bayramlar birlik, həmrəylik və qardaşlıq hisslərinin daha da möhkəmləndiyi xüsusi günlərdir.

“Bayramlar insanların dostluq, qardaşlıq, milli və mənəvi dəyərləri ən canlı şəkildə yaşadığı müstəsna zamanlardır”, – deyə o vurğulayıb.

“İstanbul 1453-cü ildən Türk İstanbuludur”

Türkiyə Prezidenti çıxışında İstanbulun fəthinin türk tarixində və İslam dünyasında xüsusi yer tutduğunu bildirib.

“Bu torpaqlar 1071-ci ildən bizim vətənimizdir. İstanbul isə 1453-cü ildən etibarən Türk İstanbuludur və millətimizin qürur tablosudur”, – deyə Ərdoğan qeyd edib.

O, İstanbulun fəthində iştirak edən bütün qəhrəmanları ehtiramla yad etdiyini bildirib və xüsusilə Fatih Sultan Mehmetin xidmətlərini vurğulayıb.

Ərdoğanın sözlərinə görə, İstanbulun fəthi şəhərin yenidən dirçəldilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsi, müxtəlif din və xalqlara tolerant münasibətin göstərilməsi ilə nəticələnib.

Ayasofya və fəth mesajı

Türkiyə lideri çıxışında Ayasofya məscidi ilə bağlı da mesajlar verib.

Onun sözlərinə görə, İstanbulun statusunun dəyişdirilməsini istəyən qüvvələr Ayasofyada oxunan azanı qəbul edə bilməyən dairələrdir.

Ərdoğan bildirib ki, İstanbulun qurucu kimliyi ilə problemi olan çevrələr əslində fəth və Fatih Sultan Mehmetlə hesablaşmağa çalışırlar.

“Kim ‘zülm 1453-cü ildə başladı’ deyirsə, onların arxasında o dövrdə mübarizə apardığımız qaranlıq düşüncə dayanır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

“Yeni zəfərlərə imza atacağıq”

Ərdoğan çıxışında Türkiyənin gələcəklə bağlı hədəflərinə də toxunub.

“Fatih Sultan Mehmetin bizə əmanət etdiyi bu müqəddəs şəhəri gözümüz kimi qorumağa davam edəcəyik. Ayasofyanın qapısındakı zəncirləri necə qırdıqsa, müqəddəs fəthdən ilham alaraq yeni zəfərlərə də imza atacağıq”, – deyə o bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, inam, iradə və birlik olduğu təqdirdə millətin çata bilməyəcəyi heç bir məqsəd yoxdur.

Qəzza və Yaxın Şərq mesajı

Ərdoğan çıxışının sonunda regiondakı gərginliklərə də diqqət çəkib.

Onun sözlərinə görə, Yaxın Şərqdə sərhədlər yenidən qan və göz yaşı ilə dəyişdirilməyə çalışılır.

“Qəzzadan Sudana, Yəməndən Livana qədər baxdığımız hər yerdə eyni çirkli oyunun müxtəlif səhnələrini görürük”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan həmçinin Cümhur İttifaqının birliyinin qorunmasının vacibliyini vurğulayaraq Türkiyənin gələcəyi üçün birlik və həmrəyliyin davam etdiriləcəyini qeyd edib.

Mövzuya görə xəbərlər