BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranın xarici işlər naziri Abbas Araqçı ölkəsindən Türkiyə ərazisinə raket atılması barədə yayılan məlumatların tamamilə əsassız olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə nazir türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi telefon danışığı zamanı bildirib.
Görüş zamanı tərəflər regiondakı son gərginliyi, eləcə də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları müzakirə ediblər. Abbas Araqçı xüsusilə təhsil müəssisələrinin, tarixi-mədəni abidələrin və enerji infrastrukturunun hədəf alınmasına diqqət çəkərək, bu cür hərəkətlərin beynəlxalq hüququn təməl prinsiplərinə zidd olduğunu vurğulayıb. O, ABŞ rəsmilərinin İranın istehsalat sahələrinə yönəlik təhdidlərinin cinayət tərkibli olduğunu və beynəlxalq birliyin buna qətiyyətli reaksiya verməli olduğunu qeyd edib.
Türkiyəyə raket atılması iddialarına toxunan nazir, bu xəbərlərin həqiqəti əks etdirmədiyini və regionda "saxta bayraq" əməliyyatlarına (təxribatlara) qarşı diqqətli olmağın vacibliyini bildirib. Araqçı İranın mehriban qonşuluq prinsiplərinə sadiq qaldığını xatırladaraq deyib:
"Biz Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Ehtimal olunan iddiaların araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırıq."







