Son dəqiqə

PUA PUA hücumu Rusiya Ukrayna müharibəsi

Türkiyə gəmisi PUA hücümuna məruz qalıb

BAKI,TurkicWorld, Nailə Babazadə

İstanbul Boğazından 15 mil məsafədə, Qara dəniz sularında xam neft daşıyan Türkiyəyə məxsus "ALTURA" tankerinə pilotsuz uçuş aparatı (PUA) isabət edib. İstanbul mərkəzli "Pergamon Denizcilik" şirkətinə məxsus olan və 140 min ton neft yükləyən gəmidə güclü partlayış baş verib.

TurkicWorld xəbər verir ki,hadisə nəticəsində tankerin həm göyərtəsinə, həm də maşın bölməsinə ciddi ziyan dəyib. Verilən məlumata görə, gəmi maşın bölməsindən su almağa başlayıb. Hadisə yerindən gələn təcili yardım çağırışından sonra Sahil Mühafizə xidməti və "Nene Hatun" təcili müdaxilə gəmisi dərhal əraziyə cəlb olunub. Sevindirici haldır ki, gəmidəki 27 nəfərlik türk heyəti arasında xəsarət alan olmayıb və dənizçilərin sağlamlıq vəziyyəti yaxşıdır.

Hadisənin ən diqqətçəkən tərəfi gəminin keçmişi və üzərindəki beynəlxalq sanksiyalardır. Rusiyanın Novorossiysk limanından yola düşən bu tanker Ukrayna-Rusiya müharibəsi fonunda ardıcıl olaraq Avropa İttifaqı, İsveçrə, Ukrayna və son olaraq 24 fevral 2026-cı ildə Böyük Britaniyanın ağır sanksiya siyahılarına daxil edilib. Gəmi 2024-cü ildə "Kayseri", 2025-ci ilin noyabrında isə "ALTURA" adını alaraq fəaliyyətini davam etdirib.

Hazırda gəmiyə müdaxilə davam edir və hadisənin birbaşa hərbi hücum olub-olmaması ilə bağlı rəsmi qurumlar hələlik yekun bəyanat yaymayıblar. Qara dənizdə gərginliyin pik həddə çatdığı bir vaxtda baş verən bu hadisə həm ekoloji təhlükə, həm də regional təhlükəsizlik baxımından böyük narahatlıq doğurur.

Mövzuya görə xəbərlər