Son dəqiqə

İsrail Suriya Türkiyə xarici işlər nazirliyi

Türkiyədən İsrailə sərt reaksiya: "Suriyadakı hərbi infrastruktura hücum təhlükəli eskalasiyadır"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan son hava hücumlarını ən sərt şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, rəsmi Ankara bu addımı bölgədəki gərginliyi nəzarətdən çıxara biləcək "təhlükəli addım" kimi xarakterizə edib.

Nazirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub ki, İsrailin hücumları beynəlxalq hüquq normaları ilə tamamilə ziddiyyət təşkil edir. Türkiyə Suriyanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasını qəbuledilməz adlandıraraq, dünya birliyini hərəkətə keçməyə çağırıb:

"Beynəlxalq birliyi öz üzərinə düşən məsuliyyəti yerinə yetirməyə və 1974-cü il Qüvvələrin Ayrılması haqqında Sazişin icrasına ciddi yanaşmağa dəvət edirik."

Türkiyə regionda qalıcı sülh və sabitliyin tərəfdarı olduğunu bir daha bəyan edib. XİN-in açıqlamasında Suriyanın birliyi və suverenliyi əsasında qurulacaq təhlükəsizlik mühitində Suriya hökuməti və xalqı ilə həmrəyliyin davam etdiriləcəyi vurğulanıb. Ankara İsrailin özbaşına hərbi fəaliyyətlərinin dayandırılması üçün qlobal aktorların və beynəlxalq təşkilatların təcili müdaxiləsini zəruri hesab edir.

Mövzuya görə xəbərlər