BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duran regionda baş verən son hadisələrdən sonra Türkiyəni hədəf alan dezinformasiya və psixoloji əməliyyat fəaliyyətlərinə qarşı qətiyyətli addımların atıldığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Duran bildirib ki, xüsusilə İrana qarşı hərbi əməliyyatların başladığı ilk anlardan etibarən bəzi sosial media hesabları vasitəsilə cəmiyyətdə qorxu, təşviş və inamsızlıq yaratmaq məqsədilə sistemli paylaşımlar edildiyi müəyyən olunub. Bu rəqəmsal manipulyasiya cəhdlərinin qarşısını almaq məqsədilə daxili cəbhəni hədəf alan 41 sosial media hesabına (X, Facebook və Instagram) giriş məhdudlaşdırılıb, həmçinin 75 provokativ məzmun rəqəmsal platformalardan tamamilə silinib.
Kommunikasiya idarəsinin rəhbəri bu prosesin İstanbul Polis İdarəsinin Kiber Cinayətlərlə Mübarizə Şöbəsi, İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) və Respublika Baş Prokurorluqları ilə koordinasiyalı şəkildə həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətin müvafiq qurumları prosesi ilk andan yaxından izləyib və ictimai asayişi, milli təhlükəsizliyi hədəf alan hərəkətlərə qarşı hüquqi müstəvidə mübarizə başladılıb. Cinayət tərkibli paylaşımlarla psixoloji hərəkat yürütdüyü təsbit edilən və hazırda araşdırma altında olan digər hesablar barədə də zəruri hüquqi prosedurların davam etdirildiyi qeyd olunub.
Burhanəddin Duran Türkiyə Cümhuriyyətinin rəqəmsal məkanı milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi kimi gördüyünü və manipulyasiya cəhdlərinə qarşı qətiyyətlə mübarizə apardığını bəyan edib. O, Prezident Rəcəb Tayyib Ərdoğanın da tez-tez vurğuladığı kimi, Türkiyənin həm sahədə, həm də rəqəmsal sahədə milli təhlükəsizliyini qorumaq iradəsinə və potensialına sahib olduğunu xatırladıb. Dövlətin bütün qurumlarının millətin hüzurunu, məlumat təhlükəsizliyini və ictimai həmrəyliyini hədəf alan hər cür girişimin qarşısını almaq üçün lazımi tədbirləri gördüyü bildirilib.






